Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, aprelin 6-da axşam saatlarından, aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Korus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərəkənd rayonları istiqamətində yerləşən bölmələrindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan əvvəl, aprelin 2-si saat 3:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerlşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdur. Halbuki, bu hadisədən bir neçə gün öncə martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşacağına dair açıqlama vermişdir: “Mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik və növbəti addım olaraq təbii ki, Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliklər edilməsi yolu ilə aradan qaldırılması baş tutmalıdır. Təbii ki, bu sazişin imzalanması üçün labüd ilkin şərtdir. Əlavə olaraq isə keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təsissatların da ləğv olunması, bu, vacib amildir”.
Bu açıqlamanı Ermənistan xarici işlər nazirliyi də dəstəkləmişdir.
“Ermənistanda keçirilən son seçkilər Nikol Paşinyanın və komandasının nüfuzunu xeyli aşağı düşdüyünü sübuta yetirdi. Hətta 2-ci, 3-cü sırada da N.Paşinyanın partiyasının təmsilciləri yer ala bilmədilər. Belə olduğu təqdirdə indiki şəraitdə Ermənistan hakimiyyətinin intensiv olaraq atəşkəsi pozmasında bir neçə məqsəd var. Şübhəsiz, diqqəti problemlərdən yayındırmaq və müəyyən qədər də olsa, xarici təhdit qarşısında cəmiyyətin kontaltasiyasına nail olmaq. Çünki bu gedişlə Paşinyan 2026-cı ildə Ermənistanda hakimiyyətini qoruyub saxlaya bilməyəcək və prosesin hətta müəyyən qədər də tezləşməsi ehtimalı var”.
Bu fikirləri Real TV-yə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli səsləndirib. Millət vəkili qeyd edib ki, bununla paralel olaraq biz Ermənistanın intensiv olaraq silahlandığının şahidi olduq və son olaraq Hindistanla imzalanmış müqavilə çərçivəsində bu ölkədən hücum helikopterlərin alınması ilə bağlı razılaşmanın gündəmə gəlməsi Ermənistanın əslində revanşist hissi ilə yaşadığını sübuta yetirir. Bu da əsas amillərdən, vacib faktorlardan biridir: “Daha bir digər amil isə ondan ibarətdir ki, Ermənistanın siyasi hakimiyyəti ənənələrinə uyğun olaraq istənilən kritik situasiyada həlledici məqam yaxınlaşanda atəşkəsi pozmaqla 0 nöqtəsinə yaxınlaşmağa çalışırlar. Yəni prosesin 0 nöqtəsinə qaytarılmasına cəhd göstərirlər. İndiki şəraitdə isə Azərbaycan tərəfinin prinsip etibarilə mövqeyi aydındır. Sülh müqaviləsinin mətni razılaşdırılıb və ölkəmizin prinsipial tələbləri var. Hansı ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və əslində sülhün də təminatını qoruya biləcək əsas faktorlardır. Bu da Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddialarının yer alması faktıdır. Əsas, mühüm amillərdən biri budur. Məlum olduğu kimi, Ermənistan tərəfi bu istiqamətdə hər hansı bir cəhd göstərmək niyyətində olmadığını ortalığa qoyub. Belə olduğu təqdirdə şübhəsiz, əgər bir dövlət digər dövlətə qarşı ərazi iddialarını irəli sürürsə, nəticə etibarilə bu halda sülh müqaviləsinin imzalanması üçün də hər hansı bir perspektiv yaranmır”.
Bu aspektdən Ermənistan hakimiyyəti atəşkəsi pozmaqla mövcud tələbin yerinə yetirilməməsinə çalışır.
Millər vəkili daha sonra əlavə edib ki, digər məqsəd isə Azərbaycanın təbii ki, Ermənistan tərəfindən atəşkəsin pozulmasına, geniş miqyası təxribatlara cavab olaraq atdığı addımların artıq Ermənistanın guya təhdid qarşısında qaldığı, yəni guya təzyiq qarşısında qaldığı ilə bağlı ənənvi himayədarları qarşısında məsələ qaldırması və özünün silahlandırılması üçün yeni maliyyə qaynaqlarının əldə edilməsidir. Prinsip etibarilə real mənzərə bundan ibarətdir. Təbii ki, düşmən ölkənin təxribatlarının cavabları verilir və bundan sonra da veriləcək. Bununla parael olaraq başqa bir aspekti də xüsusi qeyd etmək istəyirəm: “Müasir hüququn, beynəlxalq hüququn doktrinası əsas fakrorlardan biri kimi və həmçinin praktik mənada dövlətlərin milli müdafiə hüququnun təkcə öz sərhədləri çərçivəsində deyil, eyni zamanda öz sərhədlərindən kənarda da həyata keçirilməsi mümkünlüyünü ortaya qoyur. Yəni Ermənistan ərzisində mövcud olan silah, sursat, hərbi texnika Azərbaycan üçün hər hansı bir təhdid yaranacaqsa, real hərəkətlənmə nəzərə çarpacaqsa, o zaman şübhəsiz ki, Azərbaycan öz ərazi bütövlüyünün təhlükəsizliyini qorumaq üçün Ermənistan ərazisindəki hərbi texnikanı, bilavasitə istisnasız olaraq özünün təhlükəsizliyini təhdid kimi qəbul edə bilər və həmin texnika da istisnasız olaraq yenə də legitim bir hədəfə çevrilə bilər”.
Ermənistan saxtakarlıq etməklə sülh sazişinin normallaşmaya yaxınlaşmasının saxtalaşmasını nümayiş etdirir. Nikol Pşinyan hökuməti müvəqqəti sərhəddə atəşkəsin açılmasının ən primitiv yolunu təkzib etməkdə görür. Lakin belə cavab çıxış yolu sayılmır. Çünki atəşin açılmasından xəbərsizlik, yaxud belə görünmək gələcəkdə Ermənistan hakimiyyəti üçün daha böyük faciələrlə nətəcələnə bilər. İndiyədək rəsmi İrəvan bu kimi pozuculuq hallarına aydınlıq gətirməyib, araşdırma aparmayıb. Ona görə də yeniləri baş verir. Bu hadisə Ermənistanın gizlicə müharibəyə kökləndiyini isbatlayır. Yaxud ola bilsin bu ölkəni qonşu dövlətlərə qarşı müharibəyə hazırlayırlar. Azərbaycanla şərti sərhəddə atəş sayıqlığı yoxlamaq üçündür. Bütün halarda müvəqqəti sərhəddə atəş onun daimi dövlət xətti olmasını ləngidir. Ermənistan ənənəvi təkzibi ilə vəziyyətin aydınlaşmasına imkan yaratmır. Bir sözlə, sülhdən danışan Ermənistanın sözü ilə əməli üst-üstə düşmür. Əgər həqiqətən bu ölkə sülh istəyirsə, o zaman Azərbaycanın yaratdığı şansı əldən qaçırmamalıdır.
Tahirə AĞAMİRZƏ