Bu fikirləri Milli Məclisin deputatı Əminə Ağazadə bildirib.
Deputat vurğulayıb ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub. Azərbaycanda keçirilən Zirvə Görüşündə Azərbaycan Prezidentinin söylədiyi kimi, biz ədaləti, təşkilatın üzvü olan ölkələrin milli maraqlarını və beynəlxalq hüququ müdafiə edəcəyik. Təşkilatın üzvləri olan 120 ölkənin, o cümlədən Afrika ölkələrinin bizim sədrliyimizin 2023-cü ilə qədər uzadılması barədə yekdil qərarı onların Azərbaycana dəstəyini və hörmətini əks etdirir.
Afrika dövlətləri ilə münaaibətlər Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi ilə geniş vüsət aldı. Üzv dövlətlərin sayına görə BMT-dən sonra ən böyük ikinci təşkilat sayılan Qoşulmama Hərəkatına uğurlu rəhbərlik dövlətimizin beynəlxalq aləmdə nüfuzuna xüsusi təsir göstərdi və onu beynəlxalq siyasi sistemin aparıcı ölkələrindən birinə çevirdi. Ölkəmizin Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il təsisatın tarixində mühüm hadisələrlə yadda qaldı. Məhz Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə təsisatın Parlament Şəbəkəsi, eləcə də Gənclər və Qadınlar platformaları təsis olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatlar da ölkəmizin bu istiqamətdə ardıcıl fəaliyyətinin nümunəsidir. Görüş əsnasında regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə edilib, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqey bir daha vurğulanıb.
“Cənab Prezidentin qeyd etdiyi kimi, Somali Respublikasının prezidentinin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik. Eyni zamanda, müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır.
Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq”- deyə deputat qeyd edib.
Hazırladı: Günel QULİYEVA