"Vətən səsi" xəbər verir ki, növbəti belə bəyanat Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyandan gəlib. Yerli mətbuatın yaydığı məlumata görə, Çaxoyan rusiyalı oliqarxın tərəfdarları ilə birgə gizli əməllərindən, o cümlədən Ermənistan vətəndaşlarının səslərini rüşvətlə almaqsından ciddi narahatlıq keçirdiyini gizlətməyib. O, deyib ki, uzun illər Rusiyanın Kaluqa şəhərində biznes fəaliyyəti ilə məşğul olan Samvel Karapetyanın seçkilərlə əlaqədar rüşvət paylaması sistemli xarakter daşıyır: "Biznesini tərgidib Ermənistana gələn kaluqalı oliqarx keçmiş prezident Serj Sərkisyan dövrünün dejavüsüdür. Bu, Sərkisyanın Partiyasındakı məhəllə xuliqanlarının ritorikasıdır, o vaxt seçki saxtakarlıqları ilə məşğul olanlar indi də kaluqalı oliqarxa xidmət edirlər. Karapetyanın komandasının yuxarı təbəqəsi bu kütləni rüşvət paylamaq üçün tullantı kimi istifadə edir. Şalvar və sviter verməklə, qaz pullarını ödəməklə insanları alçaldırlar, onlara mal kimi yanaşırlar".
Taron Çaxoyan Rusiyada yaşayan ermənilərin rüşvətlə Karapetyanın “Güclü Ermənistan” blokuna səs vermək üçün Ermənistana göndərilməsi cəhdlərinə də toxunub. O, deyib ki, Rusiyada yaşayan seçki fırıldaqçıları Ermənistana gələn gün onları "Zvartnots" hava limanında hüquq-mühafizə orqanları qarşılayacaq: "Karapetyanın ermənilərin Qarabağa qaytarılması ilə bağlı təxribatçı açıqlaması Rusiyadakı həmin fırıldaqçıların beyninin məhsuludur. Onlar hələ də keçmişdə qalıblar və real siyasi prosesləri anlaya bilmirlər. Kaluqalı oliqarx Qarabağı öz fərari oğlunun hesabına qaytarmaq” istəyir".
Elxan SALAHOV