Bunu açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat deyib.
O bildirib ki, Qarabağa dəfələrlə səfər edib və hər dəfə bölgədə yeni inkişaf mərhələsinin şahidi olur: “Hər səfərimdə daha çox irəliləyiş və inkişaf görürəm. Bu səfərlər mənim üçün çox maraqlıdır, çünki hər dəfə yeni bir şey öyrənirəm. Qarabağ çox gözəl məkandır və ümid edirəm ki, burada inkişaf prosesi davam edəcək”.
FAO nümayəndəsi qeyd edib ki, təşkilat artıq Qarabağ regionunda bir sıra layihələr həyata keçirir və yeni təşəbbüslər üzərində işləyir. Onun sözlərinə görə, mövcud layihələrdən biri “Rəqəmsal kəndlər” təşəbbüsü çərçivəsində icra olunur.
“Bu layihə vasitəsilə kənd təsərrüfatında və icma inkişafında yeni texnologiyaların tətbiqini təşviq edirik. Hazırda əlavə layihə təklifləri üzərində də işləyirik və maliyyə təmin olunduqdan sonra bölgədəki icmalarla daha geniş əməkdaşlıq etməyə hazırıq”, – deyə o vurğulayıb.
Muhammad Nasar Hayat əlavə edib ki, Qarabağ regionu təbii resurslar baxımından zəngindir və bu, gələcək layihələrin həyata keçirilməsi üçün böyük potensial yaradır. (AZƏRTAC)