Xurşidbanu Natəvanın yaradıcılığı həm də “The Gulf Observer” ingilisdilli beynəlxalq onlayn nəşrinin baş redaktoru və “The Gulf Observer Research Forum” təşkilatının prezidenti Fatimə Tuz Zəhranın diqqətini cəlb edib.
Fatimə Tuz Zəhra müsahibəsində Natəvanın dövrünün ədəbi və ictimai həyatına verdiyi töhfələr barədə fikirlərini bölüşüb.
O bildirib ki, xanlıq ləğv olunsa da, Natəvan Şuşa şəhərinin həyatında mühüm rol oynamağa davam edib. Şəhər sakinləri ona hörmətlə “xan qızı” deyə müraciət edirdilər. Natəvan Mehdiqulu xan Cavanşirin qızı idi və 1747-ci ildə Pənahəli xan tərəfindən yaradılmış Qarabağ xanları nəslinin son varisi sayılırdı.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Natəvan vaxtının və sərvətinin böyük hissəsini xeyriyyə işlərinə sərf edirdi. O, xüsusilə də Qarabağın müxtəlif yerlərində ictimai bulaqlar tikdirməklə yadda qalıb. Bu addım əhalinin təmiz sudan istifadəsini xeyli asanlaşdırmışdı. Bundan başqa, onun təşəbbüsü ilə istirahət yerləri və parklar salınıb. Bu isə Natəvanın cəmiyyətin rifahına böyük diqqət ayırdığını nümayiş etdirir.
“Şairənin yaradıcılığı Şərq qadınının düşüncə və hisslərini əks etdirir. Eyni zamanda, o dövrün insanlarının həyatını, onların narahatlıqlarını və kədərlərini də çatdırır. Natəvanın şeirləri realizmi, canlı dili və romantik dərinliyi ilə seçilir. Bu əsərlərdə uzun müddət gizli qalan Azərbaycan qadınlarının hiss və narahatlıqları təsvir olunur”, – deyə baş redaktor bildirib.
Fatimə Tuz Zəhra Natəvanın yüksək təhsil səviyyəsinə də diqqət çəkib. Onun sözlərinə görə, şairə Azərbaycan dili ilə yanaşı, fars və ərəb dillərini də bilirdi. O, gənc yaşlarından şeir yazır, mütaliə ilə ciddi məşğul olur, rəssamlığa maraq göstərirdi. Fars dilini bildiyi üçün Natəvan Firdovsi, Sədi, Nizami Gəncəvi, Hafiz, Əlişir Nəvai və Məhəmməd Füzulinin əsərlərini oxuyur və yaradıcılığında tez-tez bu irsə müraciət edirdi.
Baş redaktorun sözlərinə görə, klassik poeziyanın qaydalarını yaxşı bilməsi Natəvanın əsərlərində aydın hiss olunur. Şairə həyatının bir hissəsini Tiflisdə keçirib. Orada rus aristokratiyasının əhatəsində olub və rus dilində təhsil alıb. Bu dövr onun dünyagörüşünün genişlənməsinə ciddi təsir göstərib.
“Natəvanın yaradıcılığı Məhəmməd Füzuli poeziyasının güclü təsiri altında formalaşsa da, o, heç vaxt sadəcə təqlid yolu tutmayıb, öz yolunu axtarıb. Bir çox müasirlərindən fərqli olaraq, o, yalnız məhəbbətdən yazmırdı. Şeirlərində sosial mövzulara, təbiətə və şəxsi hisslərinə də yer verirdi. Xüsusilə sonrakı dövrlərdəki yaradıcılığında ana kədəri mövzusu daha güclü hiss olunur. Natəvan poeziyası yüksək emosional dərinliyi ilə seçilir. Bu şeirlərdə narahatlıq, daxili ağrı və dərin duyğular var. Hətta gözəlliyi təsvir edərkən belə, şairə onu bir qədər kədər və nigaranlıq çalarları ilə təqdim edir. Natəvanın qəzəlləri mövzu və obraz baxımından çox rəngarəngdir. Onun ədəbi irsi çox böyük olmasa da, bu əsərlər ona şan və şöhrət qazandırıb”, – deyə Fatimə Tuz Zəhra bildirib.
O əlavə edib ki, Natəvanın şəxsi həyatı da onun yaradıcılığı üçün zəngin mövzu mənbəyi olub. Şairənin həyatı mühüm hadisələrlə və ziddiyyətlərlə dolu idi. Buna görə də o, şeirlərini səmimi və ilhamla yazır, təkrar və şablonlardan qaçırdı.
Fatimə Tuz Zəhranın sözlərinə görə, Natəvanın yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tutur. Qarabağlı şairə saf hissləri, ayrılığı, həsrəti və qovuşmaq arzusunu böyük səmimiyyətlə təsvir edir. O, həmçinin yaşadığı dövrdə azad və qarşılıqlı sevginin olmaması probleminə də toxunur.
Pakistanlı baş redaktorun sözlərinə görə, Natəvanın sevgi lirikasında təkcə kədər və göz yaşları deyil, həm də insan ləyaqəti, mənəvi saflıq və taleyə dair düşüncələr əks olunur.
Fatimə Tuz Zəhra Natəvanın Qarabağın mədəni mühitinin inkişafına verdiyi töhfəni də vurğulayıb: “O, gənc şairləri dəstəkləyirdi. Məsələn, Fatma xanım Kəminəni ədəbi məclislərə dəvət edirdi. Natəvan həmçinin gələcəkdə Azərbaycan operasının banisi olacaq Üzeyir Hacıbəylinin anası Şirin xanım Əliverdibəyovaya da dəstək göstərirdi. Natəvan harmoniyaya can atırdı. Onun fikrincə, gözəllik və ağıl bir-birini tamamlamalıdır. Şeirlərində həm Tanrıya müraciətlər, həm də aşiq və məşuqların qarşısındakı maneələrin aradan qaldırılması ilə bağlı arzular yer alır”.
Sonda Fatimə Tuz Zəhra bildirib ki, Natəvanın təsiri Qarabağla məhdudlaşmayıb. Onun yaradıcılığı Şəki, Şirvan, Bakı, Quba, Dərbənd və Gəncənin şairlərinə də təsir göstərib.
“Beləliklə, Xurşidbanu Natəvan təkcə tarixi şəxsiyyət deyil. O, həm də Azərbaycan mədəniyyətinin canlı simvollarından biridir. Şəxsi ağrısını poeziyaya, poeziyanı isə əbədi irsə çevirə bilən bir qadındır”, – deyə baş redaktor vurğulayıb. (AZƏRTAC)