30.06.2025, 13:28
AZ EN
30.06.2025, 09:48 337

Bu gün şəhid Baxış Əsədovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Baxış Sahib oğlu Əsədovun doğum günüdür. O, 30 iyun 1999-cu ildə Ağdam rayonunun Yüzbaşılı kəndində anadan olub. 2005-2016-cı illərdə Ağdam rayon Yüzbaşılı kənd tam orta məktəbində təhsil alıb.

Baxış Əsədov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. 2017-ci ildə hərbi xidmətdən təxris olunub. Hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Baxış Əsədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Baxış Əsədov 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Ağdam rayonunun Xındırıstan kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Baxış Əsədov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və  "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər