Həyata keçirilən ardıcıl islahatlar, reallaşdırılan nəhəng layihələr ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsinə, milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsinə və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir. Bu xüsusda, ölkəmizdə enerji dayanıqlılığının təmin olunması Azərbaycanın milli təhlükəsizlik və iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.
Bunu Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat qeyd edib ki, ölkəmizdə enerji dayanıqlılığının təmin olunması məqsədilə istehsalın və mənbələrin şaxələndirilməsi, infrastrukturun modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində ardıcıl addımlar atılır. Xüsusən, son illərdə bərpaolunan enerji sahəsində mühüm layihələr uğurla icra edilir.
“Azərbaycan Prezidentinin iştirakı ilə bir neçə gün öncə müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyası olan “8 Noyabr” Elektrik Stansiyasının açılışı mühüm tarixi əhəmiyyətə malik hadisə olmaqla yanaşı, dövlətimizin bu istiqamətdə səmərəli və məqsədyönlü fəaliyyətinin təzahürüdür. İtaliya və Çin şirkətləri ilə əməkdaşlıq əsasında inşa edilən yeni stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək”, - deyə deputat vurğulayıb.
Müasir elektrik stansiyalarının istismara verilməsinin, yüksək gərginlikli ötürmə xətlərinin çəkilməsinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinin ölkəmizin enerji sektorunun dayanıqlığını təmin etdiyini söyləyən Mircəlil Qasımlı bildirib ki, son 20 il ərzində Azərbaycanın energetika sistemi əsaslı şəkildə yenidən qurulub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Mingəçevirdə yaradılan “Azərbaycan” İstilik Elektrik Stansiyası 2020-ci ildə əsaslı təmirdən sonra istismara verilib. Eyni zamanda, ölkəmizin bölgələrində elektrik stansiyalarının inşası və ya əsaslı şəkildə bərpası üzrə önəmli addımlar atılır. Bu xüsusda, dövlətimizin başçısı tərəfindən “yaşıl enerji” zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurun tam olaraq "yaşıl enerji" ilə təmin olunması istiqamətində həyata keçirilən mühüm layihələri qeyd etmək lazımdır.
Mircəlil Qasımlı enerji dayanıqlılığı çərçivəsində enerji resurslarından optimal istifadə edilməsi və ixrac imkanlarının genişləndirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışaraq deyib: “Azərbaycan bu gün regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Bu gün 12 ölkəyə qaz ixrac edən Azərbaycan gələcəkdə bərpaolunan enerji layihələri hesabına daxili enerji tələbatını tam ödəyəcək və beləliklə, daha böyük həcmdə təbii qaz ixracı üçün imkanlar yaranacaq. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın dünyada etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir”.
Günel QULİYEVA