28.06.2025, 14:22
AZ EN
09.01.2025, 17:41 169

Paşinyan 12 şərti yerinə yetirəcəyinə söz verib

XƏBƏRLƏR
  • Ermənistan Baş naziri Nikol Paşinyan faktiki olaraq Azərbaycan qarşısında 12 öhdəlik götürüb. Həmin öhdəliklərin hamısı müxtəlif tədbirlərdə açıq şəkildə elan edilib və onları hamısı sürətləndirilmiş yerinə yetirəcək.

"Vətən səsi" xəbər verir ki, bunu erməni jurnalist Davit Sərkisyan yazıb. O, qeyd edib ki, sülh müqaviləsinin imzalanması və Ermənistanın bir dövlət kimi təhlükəsizlik risklərindən qorunması üçün irəli sürülmüş şərtlər daha çox Azərbaycanın maraqlarını təmin edir. Onun sözlərinə görə, Ermənistanın Baş naziri regionda sülhün bərqərar olması ilə bağlı təklifləri nəzərə alaraq ATƏT-in Minsk qrupunun buraxılmasına da razı olduğunu bildirib: "Baş nazir Paşinyan rəsmi Bakı qarşısında götürdüyü 12 öhdəliyin hamısın yerinə yetirəcəyinə söz verib. Əks halda sülh müqaviləsi imzalanmayacaq. Gedişat Ermənistanın müstəqil dövlət kimi varlığına da böyük təhlükələr vəd edir".

Erməni jurnalist rəsmi Bakının şərtlərini və Paşinyanın yerinə yetirməyə hazırlaşdığı öhdəlikləri bu cür sıralayıb:

1. Ermənistanda Qarabağ, “erməni soyqırımı” və “Qərbi Ermənistan” (Türkiyəyə qarşı ərazi iddiası) təbliğatını qadağan etmək;

2. Anklav yaşayış məntəqələrini (Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri) Azərbaycana qaytarmaq;

3. İndiyədək 90 faizi razılaşdırılmış sülh müqaviləsinin qalan 10 faizini də tezliklə razılaşdırmaq;

4. Zəngəzurda ekstraterritorial dəhliz açıb Türkiyəyə təhvil vermək;

5. Atəşkəsi pozmamaq əmrinə tabe olmayan hərbçiləri cəzalandırmaq;

6. Bakıda həbsdə olan erməni hərbi cinayətkarlarının qaytarılması məsələsini tamamilə bağlamaq;

7. Ermənistanda azərbaycanlılara aid kütləvi məzarlıqları aşkar etmək;

8. Beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı bütün iddiaları geri götürmək;

9. Azərbaycanla razılaşdırılmış məsələləri yerinə yetirmək;

10. Ermənistan Silahlı Qüvvələrinin sayı və silahlanmasına tam nəzarəti Azərbaycana vermək;

11. Ermənistandan qovulmuş Qərbi azərbaycanlıları ata-baba yurdunda yerləşdirmək və onların hüquqların qorunması üçün beynəlxalq səviyyəli təminatlar vermək;

12. Birgə ərizə ilə ATƏT-in Minsk Qrupunu ləğv etmək və gələcəkdə Qarabağ mövzusuna bir daha qayıtmamaq.

Elxan SALAHOV

 

Oxşar xəbərlər