"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Rəqabət və İstehlakçıların Maraqlarının Müdafiəsi Komitəsinin sədri Geqam Gevorkyan bildirib. Onun sözlərinə görə, son 5 ildə Ermənistanın yanacaq bazarında çoxsaylı kiçik şirkətlərdən əlavə 3 yeni böyük təsərrüfat subyekti fəaliyyətə başlayıb.
Gevorkyan qeyd edib ki, bir müddət dünya birjalarında aşağı qiymətlərdən istifadə etmək mümkün olsa da, bu dövr uzun çəkməyib. Hazırda isə İrandakı vəziyyət səbəbindən qlobal bazarda qiymətlər yenidən artmaqdadır: “Bundan sonra nə baş verəcəyini və birjalarda hansı vəziyyətin formalaşacağını görəcəyik".
Komitə sədri Azərbaycandan yanacaq tədarükü fonunda Ermənistandakı ucuzlaşmaya da diqqət çəkib. Geqam Gevorkyan Azərbaycan yanacağının idxalından sonra Ermənistan bazarında qiymətlərin aşağı düşməsini bir neçə səbəblə əlaqələndirib: "Birincisi, daşınma xərcləri azalıb, çünki yük Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə gətirilir. İkincisi, bazar iştirakçılarından biri daha ucuz qiymətə neft məhsulları əldə etmək imkanı qazanıb və digər şirkətlər də bu vəziyyətə uyğunlaşmaq məcburiyyətində qalıb".
Gevorkyan vurğulayıb ki, Ermənistan bazarında daha ucuz yanacağın həcmi artacağı halda qiymətlərin bir qədər də aşağı düşəcəyi gözləniləndir: "Buna görə də bazar müxtəlif şirkətlər üçün açıq qalır".
Xatırladaq1 ki, Azərbaycandan Ermənistana neft məhsullarının və traznzit yüklərin daşınması ötən ilin sonlarından başlayıb. Sonuncu dəfə martın 5-də Azərbaycandan Gürcüstan ərazisindən keçməklə Ermənistana yük daşıyan tədarük qatarı Biləcəri stansiyasından yola salınıb. 31 vaqondan ibarət 1984 ton dizel yanacağı, Həmçinin Rusiyadan göndərilən 2 vaqon gübrə də təyinatı üzrə Ermənistana çatdılıb. Bundan əvvəl fevralın 25-də Azərbaycandan Ermənistasna 4500 ton neft məhsulları daşıyan 39 çən-vaqon Ermənistana yola salınmışdı.
Elxan SALAHOV