"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatında dərc olunan məqalələrdə bildirilir. Parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan deyib ki, indiki şəraitdə Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçmentə getmək əvvəlcədən uğursuzluğa məhkumdur. Onun sözlərinə görə, Nikol Paşinyanın vəzifədən kənarlaşdırılması üçün hüquqi-siyasi əsaslar olsa da, onu impiçmentlə hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil: "Anlayırıq ki, impiçment belə kortəbii olmamalıdır. Onun əsasları ciddi hesablamalarla formalaşır. İkincisi isə üsyanda olan xalqın dəstəyi olmalıdır ki, impiçment baş tutsun və hakim siyasi qüvvənin deputatlarına təsir göstərə bilsinlər ki, nəhayət, bu impiçmentdə uğur qazansınlar”.
Ohanyanın fikrincə, indi Paşinyanın impiçment edilməsi üçün zəmin yoxdur və bu durumda irəli sürüləcək təşəbbüs əvvəlcədən uğursuzluğa məhkumdur: “Baş nazir Nikol Paşinyana etimadsızlıq prosesinin əsasları olmalıdır və o əsaslar bu gün tam olaraq mövcud deyil. Bu şəraitdə bu addımların tam olaraq uğursuzluğa düçar olacağını düşünürəm”.
Ermənistan parlamentinin sədri Alen Simonyan isə müxalifətin Baş nazirə qarşı impiçment məsələsini yenidən gündəmə gətirməsini ələ salıb: "Ermənistan müxalifəti siyasi nümayişlər dövrü gəlib. Amma Paşinyanın impiçmenti məsələsi “Yaz-yay kolleksiyası” üçün o qədər də uğurlu deyil".
Simonyan mövcud vəziyyətin bu prosesi başlamaq üçün yetərli olub-olmaması ilə bağlı suala belə cavab verib: “Ermənistan qanuni şəkildə seçilmiş hökumətə malikdir və bugünkü sorğular da onu göstərir ki, hakim partiya sorğularda birinci yerdədir və Ermənistan xalqı arasında ən böyük dəstəyə malikdir. Deyə bilərəm və əminəm ki, bu cümə seçkilər keçirilsəydi, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 50+1 faiz səs toplayaraq qalib gələrdi. Bu rəqəmlər seçkilərin keçiriləcəyi 2026-cı ildə daha yüksək ola bilər”.
Elxan SALAHOV