17.03.2026, 17:21
AZ EN
17.03.2026, 14:59 218

Qarabağ inciləri: adı dillər əzbəri olan Bərgüşad

ŞƏRQİ ZƏNGƏZUR
  • Təbii ehtiyatlarla zəngin olan Qarabağ və Şərqi Zəngəzurda bol sulu çaylar əkin sahələrinin suvarılmasında, ekosistemin bərpasında mühüm yer tutur.  Qarabağ təbiətinin ekosisteminə əsrarəngiz gözəllik qatan Bərgüşad çayı bu sırada xüsusi əhəmiyyətə malikdir.

Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacındakı Zalxa gölündən götürür, Qubadlı rayonunun ərazisindən, Ərikli dağlarından keçən çay Urud kəndinə qədər Bazarçay adlanır. Dəli çay, Şəki çayı, Ağa çayı kimi qolları ilə zənginləşən Bərgüşad Qubadlının Qaralar və Xocahan kəndlərinin yaxınlığındakı “Hindiverd burnu” adlanan yerdə Həkəri ilə birləşərək Araz çayına tökülür. Uzunluğu 178 kilometr, hövzəsinin sahəsi 2711 kvadratmetr olan Bərgüşad  Həkəriyə qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir neçə qola ayrılır. Əsasən yeraltı, qar və qismən də yağış sularından qidalanır. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Orta illik su sərfi saniyədə 19 kubmetrdir ki, bunun da 45 faizi yazda, 25 faizi yayda, 18 faizi payızda, 12 faizi isə qışda formalaşır.

Bərgüşad çayı üzərində tarixi Qubadlı, Qəzyan və Mahmudlu körpüləri mövcuddur. Əliquluuşağı kəndində isə XIX əsrə aid Laləzar körpüsü var. İşğaldan əvvəl  çayda kütüm, xatınbiləyi, şühüd, farel və digər balıq növləri olub. İkinci Vətən müharibəsindən sonra azadlığına qovaşan Qubadlının çaylarında bolsululuq nəzərə alınaraq həm Həkəri, həm də Bərgüşad hövzələrinə qızıl xallı farel  balıqları buraxılıb. Bu isə hər iki çayda qızıl xallı farel növünün təbii artımına və geniş yayılmasına müsbət təsir edəcək. Bundan başqa, Bərgüşadın suyundan geniş şəkildə suvarma və enerji məqsədilə də istifadə olunur.  Hazırda həmin çayın üzərində yeni su anbarlarının tikintisi planlaşdırılır ki, bu da bölgənin kənd təsərrüfatının inkişafına töhfə verəcək.

Röya SALMANQIZI

Oxşar xəbərlər