Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu mərhələdə Xocalı rayonunun Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə köçürülüb.
Beləliklə, ümumilikdə 13 ailə olmaqla 67 nəfər doğma yurduna qayıdıb. Xocalı şəhərində ailələrə yeni evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev öncə sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib, onlara yeni evlərində xoşbəxt və firavan həyat arzulayıb. O, həmçinin Xankəndi şəhəri, Xocalı rayonu və Ağdərə rayonu ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə məlumat verib.
Bildirib ki, sakinlərin burda rahat, təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Hər iki kənddə sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunublar. Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə köç prosesi davam etdirilir. (Trend)