Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir. Meydanda səhnə, işıqlandırma və səs avadanlıqları qurulur, bayraqlar asılır. Konsert proqramında tanınmış incəsənət xadimləri çıxış edəcək, tamaşaçılara Qarabağın zəngin mədəniyyətini, musiqisini və qürurunu əks etdirən bir gün bəxş olunacaq. Sonda isə Xankəndi şəhərini al-əlvan rəngə bürüyəcək atəşfəşanlıq olacaq.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları və ətraf yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçib, ölkəmizin suverenliyi tam bərpa edilib. Dövlət başçısının Sərəncamı ilə 20 sentyabr “Xankəndi, Ağdərə Xocalı və Xocavənd şəhəri günü” elan olunub. (AZƏRTAC)