27.06.2025, 19:21
AZ EN
29.06.2023, 10:59 281

Talış sakini: İndi yurdumuzda, isti ocağımızda, öz sobamızda qurban əti bişiririk

QARABAĞ
  • Tərtər rayonunun Talış kəndinin sakinləri 30 ildən sonra ilk dəfə Qurban bayramını doğma yurdlarında qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri Talış kəndində Əkbərovlar ailəsinin qonağı olub, bayram təəssüratlarını öyrənib. Ailə başçısı Əyyub Əkbərov deyib: “Otuz yaşımda buradan getdim, 30 il Bakıda yaşadım. Bu illər ərzində ən böyük arzum yurduma dönmək idi. Şair olmuşdum, dağa-daşa, Vətənə, torpağa şeirlər yazırdım. Şükürlər olsun, nəsib oldu, gəldik həsrətində olduğumuz torpağımıza. Bu gün də bayram münasibətilə kənddə qurban kəsildi, hər bir ailəyə qurban payı verildi. İndi öz yurdumuzda, isti ocağımızda, öz sobamızın üstündə qurban əti bişiririk. Bu günlərə çox şükür olsun. Allah dövlətimizi, ordumuzu qorusun. Bütün Azərbaycan xalqını, bütün müsəlman dünyasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm”.

Ailənin xanımı Arzu Əkbərova doğma yurda qayıtdıqları, böyük həsrətlə gözlədikləri günlərə çatdıqları üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Özümü çox xoşbəxt hesab edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə uğurlar arzulayıram. Çox xoşbəxt insanlarıq ki, bu gün burada Qurban bayramını qeyd edirik. Böyük həsrətlə gözləyirdik bu günləri. Azərbaycan xalqının bayramını təbrik edirəm”.

Xatırladaq ki, 30 ildən sonra Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində Qurban bayramı qeyd edilib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə qurban kəsilib, kəndə köçürülmüş ailələrə paylanılıb.

Oxşar xəbərlər