14.04.2026, 17:13
AZ EN
14.04.2026, 09:17 223

Səmayə xanımın Hallavara çatan səsi...

XƏBƏRLƏR
  • Xalq artisti, özünəməxsus səsi, avazı olan, istedadlı müğənni və İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Səmayə İsmayılova Qərbi Azərbaycanın Loru-Pəmbək mahalının, Qarakilsə rayonunun Hallavar elində dünyaya gəlib. Müğənni bu günlərdə Qərbi Azərbaycan Televiziyasının “Danışan musiqi, soykökünün səsi” verilişinin qonağı olub.

Səmayə xanım verilişdə uşaqlıq illərinin xatirələrindən, doğma yurd həsrətindən və arzularından danışıb: “Elə bir mühitdə böyümüşəm ki, musiqi, sənət əvvəldən mənimlə olub. Ata-anam, nəslim, köküm, babalarımın babaları hamısı o torpaqlarda böyüyüb, boya-başa çatmış insanlardı. Bəlkə, bizi o torpağa bağlayan da onların uğrunda canlarını verdiyi yurdda dolaşan ruhlarıdır”.

Səmayə xanım deyir ki, Qərbi Azərbaycanda yaşadığım illər o qədər  gözəl keçib, hamısı yadımdadı: “Mən böyük, ziyalı bir ailədə dünyaya gəlmişəm. Elə bir ailədə ki, onlar özləri mənim həvəsimə, istedadıma maraq göstərdilər. Babam özü sənətlə məşğul olmağıma şərait yaradırdı. Mən gözəl rəqs edirdim, idmanla məşğul olurdum. Basketbol, valeybol oynayırdım, şahmat, tennis yarışlarına gedirdim. 6-7 yaşımdan səhnələrdə olmuşam...

“Hallavarda “Xıdır Nəbi” bayramına hazırlıq gedirdi. Onda güneydə qar əriyəndə quzeydə qar olurdu. Bizdə “Qar çiçəyi”nə “Danaqıran” deyirdilər. Uşaq vaxtı biz onun kökünü yeyib, çiçəyini evə gətirirdik. Fevral ayından bayramlarımız başlayardı. Bizim “Miskin Abdal” kimi ocaqlarımız, ziyarətgahlarımız var idi.  Novruz bayramı bizdə çox möhtəşəm keçirilirdi. Heç yerdə belə bayram şöləni görməmişəm. Birinci çərşənbədən at yarışları, zurna, balabanla çıxışlar başlayırdı. O vaxt musiqiçilərə pul verilmirdi, çürbəcür xörəklər, xonçalarda yumurta, şirniyyat və konfetlərdən onlara pay verilərdi. Yayda el yaylağa gedərdi. Hamı eyni gündə ziyarətgaha gələrdi. Hər kəsin evindən bir qurban kəsilərdi və kasıblara paylanardı. Bax, belə gözəl adət-ənənələrimiz  vardı”.

Səmayə xanım bildirdi ki, artıq 35 ildən çoxdur ki, biz o torpaqlardan ayrılmışıq: “Kəndimizdən ayrılsam da, İrəvanda yaşayırdım. Tez-tez gedib kəndimi görürdüm... Həmişə arzulayıram ki, elə bir möcüzə baş verəydi ki, mən o torpaqlara gedəydim və orda öləydim... Elə gözəl bir çəmənlikdə torpağa əyilib orda da öləydim... Bax, bu qədər həsrətliyəm o torpaqlara...”

Səmayə xanım sözünə qəmli bir türkü ilə başlamışdı. Sonda da söhbətinə yenə bir yanıqlı türkü ilə nöqtə qoysa da səsi hələ də könlümüzdə səslənir. İnanırıq ki, onun səsi doğma torpağına, ana yurdu Hallavarına da gedib çatdı. Səsimizin arxasınca özümüz də tezliklə, elə Səmayə xanımla bir yerdə Qərbi Azərbaycanımıza, doğma ata-baba  yurdumuza qayıdacağıq, özü də həmişəlik...

 Mənə ölüm, sənə zülüm, deyilmi?!

Oy, gəlin, gəlin, gəlin,

sevdalı gəlin, gəlin,

Öldürdü məni...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər