14.04.2026, 20:29
AZ EN
14.04.2026, 16:07 217

Şərqi Zəngəzur yenidən qurulur

ŞƏRQİ ZƏNGƏZUR
  • “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri planlı şəkildə davam etdirilir. Hazırda həmin ərazilərdə, o cümlədən Cəbrayıl, Zəngilan və Qubadlıda yeni layihələr icra olunur, kəndlər, yollar salınır, infrastruktur dirçəldilir. Dağıdılan ərazilər bərpa edilərək şəhərlər müasir standartlara uyğunlaşdırılır. İllərdir doğma yurdundan ayrı düşən sakinlərin qayıdışı təmin olunur. 

“Vətən səsi” xatırladır ki, 2024-cü ilin oktyabrından etibarən Cəbrayıl şəhərində məskunlaşma prosesinə başlanılıb. İndiyədək istifadəyə verilmiş yaşayış kompleksi 33 çoxmənzilli binadan və 712 mənzildən ibarətdir. Mənzillərdə sakinlərin rahatçılığı üçün hər cür kommunal, məişət şəraiti yaradılıb. Hazırda şəhərdə 659 ailə, ümumilikdə 2856 nəfər yaşayır. Bundan başqa, 2025-ci il oktyabrın 28-də Cəbrayıl şəhərində Prezident İlham Əliyev tərəfindən təməlləri qoyulan 2-ci və 3-cü yaşayış kompleksləri üzrə 1400 mənzilin inşası nəzərdə tutulur. “Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza “Real TV”yə açıqlamasında bildirib ki, Cəbrayıl şəhərindəki hər iki yaşayış kompleksi zəruri sosial infrastrukturla təmin olunacaq. Onun sözlərinə görə, Cəbrayılda yenicə istifadəyə verilmiş Horovlu kəndində 334 fərdi yaşayış evi inşa edilib. Həmçinin kənddə 624 şagird yerlik məktəb, 220 yerlik körpələr evi, uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı ictimai iaşə obyektləri, tibb məntəqəsi, idman-sağlamlıq mərkəzi sakinlərin ixtiyarına verilib: “Tarixən istifadə olunmuş və işğal dövründə dağıdılmış 5 kəhriz bərpa edilib. Kəndin  bir hissəsinin su təminatı məhz bu kəhrizlərin hesabına həyata keçiriləcək. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi salınıb. Burada uşaq oyun zonaları, idman sahələri, basketbol meydançası, masaüstü oyun zonaları, söhbətgahlar yaradılıb. Bayraq meydanından Bazar kompleksinə qədər piyada gəzinti  yolları salınıb, 3,1 hektar ərazidə yaşıllıq hissədə zeytun, çinar, Eldar şamları əkilib”.

Horovlu kəndində həmçinin müasir situasiya mərkəzi yaradılıb. Bu mərkəzdə coğrafi informasiya sistemi tətbiq ediləcək və kəndin idarə olunması rəqəmsal əsaslarla həyata keçiriləcək. Hazırda inşası davam edən Soltanlı kəndində  isə 1-ci mərhələ üzrə 420 fərdi evin inşası davam edir. İndiyədək layihədə nəzərdə tutulan işlərin yaşayış evləri üzrə 16 faiz, qeyri yaşayış obyektləri üzrə 18 faiz yerinə yetirilib.

Ümumilikdə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri müasir şəhərsalma prinsiplərinə əsaslanmaqla davam etdirilir. Bu proses ölkəmizin sosial iqtisadi  inkişafında mühüm rol oynayır. Zəngilan rayonunda da quruculuq işləri planlı şəkildə sürətlə davam etdirilir. Bu çərçivədə həm müasir yaşayış məntəqələri yaradılır, həm də dayanıqlı inkişaf prinsipləri tətbiq olunur. Zəngilan şəhərinin 1-ci yaşayış kompleksində bərpa quruculuq işləri yekunlaşmaq üzrədir. İlhamiyyə Rza bildirib ki, Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına əsasən, ilk yaşayış məhəlləsi mərkəz hissədə yerləşir və 1,96 hektar ərazini əhatə edir. Burada 12 binada 104 mənzil inşa edilib. Hazırda 1-ci yaşayış kompleksində tikilən binaların daxili bəzək işləri yekunlaşıb. Mənzillərdəki mətbəx otaqları müvafiq mebellərlə təchiz olunub.

Məhəllələrdə yerüstü və yeraltı dayanacaqlar mövcuddur. Elektromobillər üçün enerjidoldurma məntəqəsi quraşdırılıb.Yaşayış kompleksində yeraltı su rezervuarları və transformator kimi mühəndis qurğuları da quraşdırılıb. Zəngilan şəhər məktəbi, uşaq bağçası, biznes zonası digər infrastruktur binaları və mərkəzi küçə 1-ci yaşayış məhəlləsinin yaxınlığında yerləşir. Həmçinin Zəngilan Konqres Mərkəzi və yeni inşa olunmuş məscid də müasir şəhər simasını formalaşdıracaq.“Hazırda Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin layihələndirilməsi başa çatmaq üzrədir. Tezliklə 176 mənzildən ibarət növbəti kompleksin tikintisinə start veriləcək”,- deyə İlhamiyyə Rza əlavə edib. Zəngilan rayonunun Ağalı kəndi işğaldan azad ediləndən sonra tamamilə yenidən qurulmuş və “Ağıllı kənd” konsepsiyası əsasında layihələndirilib. Qayıdışın ilk ünvanı olan Ağalıda hər iki mərhələdə işlər tamamlanıb.

Ümumi sahəsi 51,6 hektar olan Məmmədbəyli kəndində isə 188 fərdi yaşayış evi, 2 qeyri yaşayış binası inşa edilib. Həmçinin Cahangirbəyli kəndində də geniş miqyaslı tikinti işləri həyata keçirilir. Həmin layihə çərçivəsində 242 fərdi yaşayış evi inşa edilir. Hazırda tikinti işlərinin icra səviyyəsinə görə  yaşayış evləri üzrə təxminən 86 faiz, məktəb, uşaq bağçaları üzrə isə 90 faiz işlər görülüb. “Böyük qayıdış”a dair Dövlət Proqramı çərçivəsində Qubadlı rayonunda da genişmiqyaslı  tikinti-quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Burada da müasir yaşayış məntəqələrinin yaradılması, sosial infrastrukturun qurulması və əhalinin dayanıqlı məskunlaşması əsas prioritetlərdəndir. Təkcə Zilanlı kəndinin yenidən qurulması üçün ümumilikdə 180 hektar torpaq sahəsi ayrılıb. İlhamiyyə Rzanın dediyinə görə,  lahiyəyə əsasən,  kənddə planlaşdırılan  sosial infrastruktur  obyektləri bunlardır: 264 şagird yerlik orta məktəb, 160 yerlik uşaq bağçası, müxtəlif qeyri-yaşayış binaları, Həkəri çayının sahilindəki istirahət parkı. Eyni zamanda kənddin enerji təminatında alternativ enerji mənbələrindən də istifadəyə xüsusi diqqət yetirilir. Burada 1-ci mərhələ çərçivəsində 44 hektar ərazidə  193 ailə üçün yaşayış şəraiti yaradılır.

Qubadlının Mahruzlu kəndində yenidənqurma işləri geniş  şəkildə davam etdirilir. Kəndin yenidən qurulması üçün 197 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən burada 689 ailənin məskunlaşması planlaşdırılır. Kəndə 480 şagird yerlik orta məktəb, 160 yerlik uşaq bağçası, müxtəlif qeyri yaşayış binaların tikintisi nəzərdə tutulur. 1-ci mərhələ üzrə 40,127 hektar ərazidə 190 ailənin məskunlaşması planlaşdırılıb. Hazırda yaşayış evləri üzrə tikinti işlərinin icra səviyyəsi təxminən 70 faizdən çoxdur. Qeyri-yaşayış obyektlərinin də tikintisi də davam etdirilir. Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndlərində həyata keçirilən layihələr müasir şəhərsalma prinsiplərinə uyğun qurulur. Sosial rifahın yüksəlməsinə xidmət edir və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını sürətləndirir. Bundan başqa, Qubadlı şəhərində də 1-ci yaşayış məhəlləsində 176 mənzilin layihələndirilməsi bitib. Yaxın zamanda 1-ci fazada  inşa işlərinə start veriləcək.

Röya SALMANQIZI

Oxşar xəbərlər