14.04.2026, 20:28
AZ EN
14.04.2026, 16:52 110

Gələcəyə sərmayənin ünvanı - Qarabağ Universitetinin tələbələri seçimlərindən razıdırlar

QARABAĞ
  • Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycanın təhsil tarixində yeni və strateji bir mərhələnin təməlini qoyub. Otuz illik işğaldan azad edilmiş ərazilərdə elmin və maarifçiliyin yenidən dirçəldilməsi məqsədilə yaradılan bu ali təhsil ocağı regionun intellektual potensialının bərpası üçün mühüm mərkəz rolunu oynayır. Bu addım təkcə Qarabağın yenidən qurulması deyil, həm də bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsi və gənc nəslin doğma torpaqlarda müasir biliklərə yiyələnməsi baxımından tarixi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə müasir infrastruktur və innovativ təhsil modeli üzərində qurulan universitet yüksəkixtisaslı kadr hazırlığını həyata keçirərək işğaldan azad olunmuş ərazilərin iqtisadi və sosial inkişafına birbaşa töhfə verməyi hədəfləyir. Xankəndi şəhərinin mərkəzində ucalan bu elm məbədi “Böyük Qayıdış” proqramının ruhuna uyğun olaraq, bölgəyə yeni nəfəs gətirir və Azərbaycanın parlaq gələcəyini simvolizə edən bir strateji layihə kimi diqqət mərkəzindədir.

Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsində təhsil alan tələbələr ali təhsil ocağında tətbiq olunan yeniliklərdən, praktik yönümlü dərslərdən və yeni infrastrukturun təqdim etdiyi imkanlardan razılıqlarını bildiriblər.

Gələcəyə böyük sərmayə – “Bu ali təhsil ocağını seçməkdə yanılmamışıq”

Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan Xəyal Səmədzadə qeyd edib ki, 2024-cü ildə ali məktəbə qəbul imtahanı zamanı Qarabağ Universitetini ilk sırada seçib: “Universitetdə təhsilin keyfiyyəti məni tam qane edir. Bu semestr yeni binaya keçdik. Tədrisin keyfiyyətində də dəyişikliklər oldu. Təhsil sistemində tətbiq edilən yeniliklər, xüsusən də biliklərin mənimsənilməsini yoxlayan müntəzəm kuizlər olduqca uğurlu nəticə verir. Dərslərimiz təcrübəyönümlü keçirilir, müxtəlif dövlət qurumlarında və təşkilatlarında praktiki vərdişlərə yiyələnirik”.

Xəyal universitetdəki tədris mühitindən danışarkən müəllim heyətinin peşəkarlığını xüsusi qeyd edib. O bildirib ki, pedaqoji heyət yeni qurulmuş sistem vasitəsilə dərslərin daha keyfiyyətli mənimsənilməsi üçün hər bir tələbəyə fərdi yanaşır, müntəzəm olaraq əlavə məsləhət saatları təşkil edirlər. Onun sözlərinə görə, universitetin mərkəzi kitabxanası ilə yanaşı, fakültə daxilindəki zəngin kitab fondu və tələbələrin sərbəst istifadəsinə verilmiş müasir kompüter avadanlıqları təhsil prosesini daha səmərəli edir. Gənc tələbə doğma Qarabağ torpağında təhsil almağın onda böyük mənəvi qürur hissi yaratdığını da vurğulayıb.

Menecment ixtisası üzrə təhsil alan Fərid Allahverdiyev isə universitetin yeni korpusundakı geniş imkanlardan söz açıb: “Universitetimizin yeni binasında tələbələr üçün geniş imkanlar yaradılıb. İmtahanlara daha yaxşı hazırlaşmaq üçün kitabxanadan istifadə edirik. Burada ümumi zalla yanaşı, qrup otaqları da var və orada dərslərimizə rahat şəkildə hazırlaşırıq. Biz gələcəyə böyük yatırım edən bu ali təhsil ocağını seçməkdə yanılmamışıq. Burada xarici təcrübəyə və fərqli metodlara əsaslanan dərslər vasitəsilə gələcəyin rəqabətqabiliyyətli mütəxəssisləri kimi yetişirik”.

Qarabağ Universitetində təhsil almağın üstünlükləri

Göründüyü kimi, Qarabağ Universiteti müasir təhsil standartlarını və innovativ yanaşmaları özündə birləşdirərək, tələbələr üçün geniş imkanlar təqdim edir. Universitetdə tədris həm Azərbaycan, həm də ingilis dillərində aparılmaqla yanaşı, akademik ingilis dili bacarıqlarının inkişafı və beynəlxalq elmi resurslara çıxış əsas prioritetlərdən biri kimi müəyyən edilib. Yeni məzmunlu təhsil proqramları rəqəmsal mühitlə inteqrasiya olunmuş şəkildə qurulub ki, bu da tələbələrin həm yerli, həm də əcnəbi peşəkar professor-müəllim heyətindən ən müasir bilikləri mənimsəməsinə şərait yaradır. Eyni zamanda, beynəlxalq ikili diplom və mübadilə proqramları tələbələrin qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır, elmi tədqiqat və startap layihələrinə verilən dəstək isə onları gələcəyin innovatorları kimi yetişdirir.

Tələbələrə yaradılan imkanlar bununla bitmir. Belə ki, təhsil müəssisəsi yalnız akademik mükəmməlliklə kifayətlənməyərək, həm də tələbələrin sosial rifahı üçün böyük imtiyazlar təklif edir. Universitetdə təhsilin dövlət hesabına olması ilə yanaşı, hər bir tələbəyə təqaüd verilir, yüksək bal toplayanlar üçün isə xüsusi əlavə təqaüd imkanları nəzərdə tutulur. Tələbələrin yaşayış şəraiti də diqqət mərkəzindədir - dövlət hesabına təmin edilən müasir yataqxanalar, yaşıl və ekoloji təmiz kampus mühiti təhlükəsiz şəhər konsepsiyası ilə tamamlanır. Müasir maddi-texniki baza ilə təchiz olunmuş bu innovativ universitet modeli tələbəyönümlü yanaşması ilə gənclərə həm elmi, həm də praktiki baxımdan ideal inkişaf platforması vəd edir.

Beləliklə, Qarabağ Universitetində yaradılan müasir təhsil mühiti, tətbiq olunan innovativ yanaşmalar və tələbəyönümlü şərait gənclərin hərtərəfli inkişafına geniş imkanlar açır. Tələbələrin də razılıqla bəhs etdiyi bu ali təhsil ocağı yalnız biliklərin mənimsənildiyi məkan deyil, həm də gələcəyin peşəkar və rəqabətqabiliyyətli mütəxəssislərinin formalaşdığı mühüm bir mərkəzdir. Qarabağda təhsil almaq gənclər üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir. (AZƏRTAC)

Oxşar xəbərlər