O, 1913-cü il sentyabrın 11-də Bakıda anadan olub. 6 yaşında səhnəyə çıxıb. Belə ki, Akademik Milli Dram Teatrının səhnəsində Cəfər Cabbarlının “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayıb. Eyni zamanda, tamaşalarda kiçik rollar da oynayıb. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edib. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedib. Orada da bir sıra filmlərin çəkilişində iştirak edib. Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönüb və kinostudiyada operator işinə qayıdıb. 1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında) quruluşçu operatoru olub.
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Ana yurdum, Azərbaycan”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
O, kino haqqında danışanda deyərmiş: “Kino həyatın aynasıdır. Sabir demişkən, “düzü-düz, əyrini-əyri” əks etdirməyə qadir olan möcüzədir. O, mənən saf, canını sənətə fəda edən istedadlı və professional şəxslərin əlində olmalıdır”. Doğrudan da, o, kinoya qəlbən bağlı olub. Ekran əsərlərində fərdilik qabarıq şəkildə görünüb. 1953-cü ildə lentə aldığı “Arazın o tayında” filmində qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alıb.
Muxtar Dadaşov 1945-ci ildə çəkilən “Arşın mal alan” filmində operator köməkçisi olub. “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.
Quruluşçu rejissor kimi onun debütü “Qanun naminə” bədii filmi olub. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazıb. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran əsərində bir çox görkəmli sənətkarlarımız rol alıb: Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov...
Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Maraqlıdır ki, o, müharibənin gedişi vaxtı S.Vurğunu, Ü.Hacıbəylini, kimyaçı alim Y.Məmmədəliyevi, neftçilərdən G.Əliyevi, A.Nematullanı, R.Rüstəmovu və başqalarını bu filmə çəkib. Sonra bu filmi genişləndirərək “Bakı-42” adı ilə lentə alıb. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmır. Nəhayət 1974-cü ildə “Bakıda küləklər əsir” bədii filmini çəkərək istədiyinə nail olub. Filmdə xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman kəşfiyyatçıların ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirib.
Muxtar Dadaşov müharibə dövründə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə köçürmüşdü. Zaman keçdikdən sonra həmin kadrlar Almaniya məhkəməsində sübut kimi göstərilmişdi.
Muxtar Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri dünyanın bir çox ölkələrində göstərilib. Onun “Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl medala, “Nəriman Nərimanov” filmi Tiflis festivalında xüsusi mükafata layiq görülüb. Sənətkarın gərgin və yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına və “Şöhrət” ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı olub.
Unudulmaz sənətkar Muxtar Dadaşov 1998-ci il mayın 7-də vəfat edib. Onun çəkdiyi filmlər xalqımızın milli-mənəvi dəyəri kimi bu gün də nümayiş etdirilərək yaddaşımızı təzələyir.
Hazırladı: Mina RƏŞİD