"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. Erməni mətbuatının yaydığı məlumata görə iqtisadiyyat naziri Gevork Papoyan bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə paylaşdığı videomüraciətdə Ermənistan hökumətinin xarici borcunun “bəzilərinin iddia etdiyi kimi” 12 milyard dollar deyil, 5,96 milyard dollar olduğunu bildirib. Lakin bu, həqiqət deyil və indi məlum olur ki, nazir erməni xalqını aldadaraq həqiqəti gizlədib: “İqtisadiyyat nazirinin özü nə danışdığını başa düşmür. Mən onu şəxsən tanıyıram. Söhbət xarici borcdan getmir. Söhbət ondan gedir ki, ölkənin borcu 12 milyard dollardır. Bunun 6 milyardı 1 faizlik xidmət dərəcəsi ilə xarici, 6 milyard dolları isə 14 faizlik xidmət dərəcəsi ilə daxili borcdur”.
Keçmiş baş nazir Qrant Baqratyan müqayisə üçün bildirib ki, Serj Sarkisyan hakimiyyətinin son illərində borcun ödənilməsinə 100 milyard dram xərclənib: "Xərclər 10 dəfə artıb. Mənə nə qədər borcum olması maraqlı deyil. Mənə maraqlıdır ki, ayda nə qədər pul ödəməliyəm”.
Qeyd edək ki, Ermənistan hökumətinin ümumi borcu dekabrın sonuna 12 milyard 338 milyon dollar olub. Həmin məbləğin yarısından bir qədər çoxu, yəni 6 milyard 388,1 milyon dolları daxili borcdur. Dekabrın sonunda xarici borcun həcmi 5 milyard 950,1 milyon dollar təşkil edib.
Elxan SALAHOV