11.03.2026, 17:00
AZ EN
11.03.2026, 14:50 203

Ermənilərin seçki qovğası: Yenə Köçəryan vasitəsilə...

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş prezident Robert Köçəryan vasitəsilə iyun ayında keçiriləcək parlament seçkilərinə müdaxiləyə hazırlıq gedir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib. Onun sözlərinə görə, Ermənistanın radikal müxalifəti xarici xüsusi xidmət orqanlarından dəstək alır, çünki uzun müddətdir həmin xidmətlər tərəfindən idarə olunur: "Xarici xüsusi xidmət orqanlarının Ermənistanda keçiriləcək seçkilərə müdaxiləsinin məqsədi ölkəni quberniyaya çevirməkdir və bu işdə onlara Robert Köçəryan və onu dəstəkləyən oliqarxlar kömək edəcəklər. Ermənistan Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, xarici xüsusi xidmət orqanları həmin ölkədə erməniəsilli və Ermənistan vətəndaşı olan sahibkarlara təzyiq göstərir ki, parlament seçkilərində iştirak etmək üçün bəzi siyasi qüvvələrə maliyyə və təşkilati dəstək göstərsinlər".

Erməni politoloq Stepan Qriqoryan da Rusiyanın Köçəryan vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə müdaxilə ediləcəyi ilə bağlı yayılan məlumatları təsdiqləyib. O, yerli mətbuata verdiyi açıqlamada bildirib ki, Moskvadakı yüksək dairələrin Robert Köçəryan vasitəsilə Ermənistanda siyasi proseslərə müdaxilə planlarının olması yeni xəbər deyil. Politoloqun fikrincə, sadəcə, İrəvandakı seçki mühiti kənar siyasi qüvvələrə yeni imkanlar yaradır və belə bir şəraitdə Kreml görmək istədiyi prosesi xüsusi nəzarət altında saxlayır: "Heç kimə sirr deyil ki, Moskva Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir etmək istəyir və bunun üçün Rusiyada yaşayan erməniləri cəlb edirlər. Bu məqsədlə Samvel Karapetyan, Robert Köçəryan və digərlərindən fəal şəkildə istifadə edirlər. Rusiya çox sərt davranır, hamını qurban verir".

Bununla belə, Stepan Qriqoryan hesab edir ki, Azərbaycanla sülhün bərqərar olmasından və ABŞ ilə razılaşmalardan sonra artıq Ermənistan bölgədə siyasi faktor sayılır: "Əvvəllər hansısa məsələ gündəmə gələndə bizə deyirdilər ki, gedib Moskva ilə danışın. İndi isə hibrid müharibəsi vasitəsilə öz niyyətlərinə çatmağa çalışırlar. Milli Təhlükəsizlik Xidmətinin binasına "Molotov kokteyli"nin atırlar, seçkilərdən əvvəl Ermənistanda sabitliyi pozmaq, qorxu mühiti yaratmaq istəyirlər".

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

 

Elxan SALAHOV

 

Oxşar xəbərlər