11.03.2026, 15:39
AZ EN
11.03.2026, 13:40 226

"Başlıbel: mühasirə gündəliyi" filmi Gəncədə nümayiş olunacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir.

"Vətən səsi" xəbər verir ki, layihə çərçivəsində Gəncə şəhərində "Azərbaycanfilm"in istehsalı olan, Pərviz Həsənovun rejissorluğu, araşdırmaçı-jurnalist Elxan Salahovun ssenarisi əsasında çəkilmiş "Başlıbel: mühasirə gündəliyi" tammetrajlı sənədli filmi nümayiş etdiriləcək. Filmin nümayişi sabah, yəni martın 12-si saat 11:00-da Məhsəti Gəncəvi Mərkəzində olacaq.

Ümumi metrajı 104 dəqiqə olan 4 hissəli filmin Filmin süjeti Birinci Qarabağ müharibəsi dövründə baş vermiş gerçək hadisələr əsasında qurulub. Film 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı erməni silahlı qüvvələrinin Başlıbel kəndində törətdiyi kütləvi qətliamdan bəhs edir. Rayonun işğalı zamanı doğma yurdunu tərk etmək imkanı olmayan Başlıbel sakinləri xilas olmaq üçün kəndin ətrafındakı kahalarda məskunlaşır. Aprelin 18-də düşmən onların sığındıqları kahaların yerini müəyyənləşdirərək əliyalın insanları gülləbaran edir. Gecənin yarısınaqədək davam edən silahlı basqın zamanı qaçıb canını qurtaran 30 nəfər dağlarda-daşlarda gizlənərək mühasirə həyatını 113 gün davam etdirir. Dörd aya yaxın davam edən ölüm-dirim mübarizəsindən sonra kahada məskunlaşan 29 nəfər sakin dağ yolları ilə Daşkəsən rayonuna çatır. Bir nəfər - 75 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov isə "Barırıtlı kaha" adlanan sığınacaqda qalmağı daha üstün tutur.

Xatırladaq ki, Elxan Salahovun Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabının motivləri əsasında ekranlaşdırılan film ilk dəfə həmin ilin oktyabr-noyabrında AzTV-də yayımlanıb. Filmin premyerası ötən il Bakıda, "Azərbaycan" CineMastercard-da keçirilib.

Gəncədə filmin nümayişində iştirak etmək istəyənlər üçün ünvanı xatırladırıq: Əbdülkərim Əlizadə küçəsi 1. (Keçmiş "Hard Rock" kafesinin yerləşdiyi binanın arxa girişi) Giriş sərbəstdir.

Oxşar xəbərlər