24.04.2026, 18:56
AZ EN
24.04.2026, 16:55 133

Şərqi Zəngəzur: Böyük Qayıdışın idman gündəliyi

XƏBƏRLƏR
  • Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Doğma torpaqlarına qayıdan sakinlərin rahatlığı üçün hər cür şərait yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda müasir idman infrastrukturu qurulur.

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynovun verdiyi məlumata görə, yaxın müddətdə bölgədə bir sıra kütləvi idman tədbirlərinin keçirilməsi planlaşdırılır. Belə ki, Cəbrayıl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, 8-11-ci sinif şagirdləri (oğlanlar) arasında 3x3 basketbol turniri, Laçın rayonunda 28 May - Müstəqillik Günü münasibətilə 2013-2015-ci il təvəllüdlü qızlar arasında 64 xanalı dama yarışı, ümumilikdə region üzrə 3 iyun - Dünya Velosiped Gününə həsr olunmuş kütləvi veloyürüş, Zəngilan rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş 7-9-cu sinif şagirdləri (oğlan və qızlar) arasında dama turniri keçirilməsi planlaşdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə keçirilən belə idman tədbirləri gənc nəslin fiziki inkişafına mühüm təsir edir. Yarışların Müstəqillik Günü, Milli Qurtuluş Günü və Ümummilli Liderin xatirəsi kimi tarixi hadisələr həsr olunması şagirdlərdə dövlətçilik şüurunu gücləndirir. Bu ərazilərdə qazanılan hər bir idman qələbəsi uşaqların öz torpaqlarına olan mənəvi bağlılığını daha da dərinləşdirir.

Bundan başqa, məcburi köçkünlük həyatından sonra doğma yurduna qayıdan yeni nəsil üçün idman ən yaxşı sosiallaşma vasitəsidir. Basketbol və dama kimi komanda və intellektual oyunlar uşaqlar arasında ünsiyyəti artırır, onlara qalibiyyət ruhunu aşılayır. Yarışlar azad edilmiş rayonlarda həyatın ritmini sürətləndirir və oranın təhlükəsiz, aktiv və perspektivli bir məkan olduğunu bütün dünyaya nümayiş etdirir.

İdman tədbirləri Böyük Qayıdış nəslinin həm fiziki, həm də mənəvi cəhətdən mübariz, dəyanətli və sağlam yetişməsi üçün atılan olduqca təqdirəlayiq addımlardır.

Mina RƏŞİD

Oxşar xəbərlər