24.04.2026, 15:44
AZ EN
24.04.2026, 14:06 13

24 aprel - Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü

XƏBƏRLƏR
  • Aprelin 24-də BMT Baş Assambleyası tərəfindən 2018-ci ildə beynəlxalq əməkdaşlıq, mübahisələrin sülh yolu ilə həlli və qlobal təhlükəsizliyin gücləndirilməsi dəyərlərini təşviq etmək üçün təsis edilən Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü qeyd olunur.

Bu əlamətdar günün təsis edilməsi qərarı 12 dekabr 2018-ci ildə A/RES/73/127 saylı qətnamə ilə qəbul edilib.

Çoxtərəflilik yalnız üç və ya daha çox dövlət arasında əməkdaşlıq forması deyil, həm də beynəlxalq normalara, qaydalara və dəyərlərə riayət etməyə əsaslanan ortaq siyasi layihəyə sadiqlik kimi qəbul edilir. O, məsləhətləşmə, qarşılıqlı əlaqə, həmrəylik və bütün iştirakçıların bərabər hüquq və məsuliyyəti kimi prinsiplərə əsaslanır.

BMT vurğulayır ki, çoxtərəflilik və diplomatiya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına hörmət etməklə yanaşı, təşkilatın fəaliyyətinin üç əsas sahəsində - davamlı inkişaf, sülh və təhlükəsizlik, insan hüquqlarının qorunmasında irəliləyişlərə töhfə verir.

Son onilliklərdə qlobal dünya birliyi tərəfindən hazırlanmış beynəlxalq normalar və hüquqi mexanizmlər iqlim dəyişikliyi, geosiyasi gərginliklər, humanitar və miqrasiya böhranları və texnoloji dəyişikliklərin beynəlxalq münasibətlərə təsiri kimi problemlərin həllində mühüm rol oynayır.

Qeyd olunur ki, BMT Nizamnaməsi və orada təsbit olunmuş prinsiplər - mübahisələri dinc yolla nizama salmaq öhdəliyi və gələcək nəsilləri müharibə bəlasından xilas etmək istəyi beynəlxalq əməkdaşlığın təməli və qlobal problemlərin həlli üçün əsas vasitə olaraq qalır.

İkinci Dünya müharibəsindən sonra - 1945-ci ildə təsis edilən Birləşmiş Millətlər Təşkilatı yarandığı gündən etibarən beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasını əsas məqsəd müəyyən edib. Bu məqsədlə təşkilat münaqişələrin qarşısının alınması, sülhməramlılıq, vasitəçilik və xoşməramlı diplomatiya mexanizmlərindən istifadə edir.

Mübahisələrin silahlı münaqişəyə çevrilməsinin qarşısını almağa yönəlmiş profilaktik diplomatiya bu gün xüsusilə vacibdir. Buraya danışıqlar, vasitəçilik, barışıq və gərginliyin azaldılmasına və eskalasiyanın qarşısını almağa kömək edən digər diplomatik tədbirlər daxildir.

BMT vurğulayır ki, artan qlobal qarşılıqlı asılılıq kontekstində çoxtərəflilik beynəlxalq problemlərin həlli üçün ən təsirli vasitə olaraq qalır və davamlı sülhə, inklüziv davamlı inkişafa, insan hüquqlarının qorunmasına nail olmağa xidmət edir.

Təşkilatın müvafiq bəyanatında deyilir: “Baş Assambleya 12 dekabr 2018-ci ildə bu əlamətdar günü elan edən qətnamə qəbul etməklə, həm də bütün üzv dövlətləri və Birləşmiş Millətlər Təşkilatının müşahidəçilərini, BMT sisteminin strukturlarını, digər beynəlxalq və regional təşkilatları, eləcə də QHT-lər və fərdlər də daxil olmaqla vətəndaş cəmiyyətini Beynəlxalq Günü müvafiq şəkildə qeyd etməyə və təhsil və ictimai maarifləndirmə fəaliyyətləri vasitəsilə sülh üçün çoxtərəfliliyin və diplomatiyanın faydalarını təbliğ etməyə dəvət edir”. (AZƏRTAC)

Oxşar xəbərlər