Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatması barədə danışarkən deyib.
Qurban Qurbanov Liqa mərhələsindəki rəqiblər haqqında da fikirlərini açıqlayıb: “Qarşılaşacağımız komandaların hamısı çox ciddi rəqiblərdir. Öz ölkələrinin köklü, tarixi olan klublarıdır. “Liverpul”, “Çelsi”, “Ayaks”, “Napoli”, həmçinin digərləri - “Benfika”, “Ayntraxt”, “Kopenhagen” və “Atletik” hamının yaxşı tanıdığı güclü komandalardır. Çalışacağıq ki, bu matçlara yaxşı hazırlaşaq. Çünki bu turnir tam başqa bir səviyyədir. Çempionlar Liqasındakı həyəcan bir neçə dəfə artıq olur. Burada güc, sürət, həm oyunun gedişatı tam fərqlidir. Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, Ağdam təmsilçisi Liqa mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq. (AZƏRTAC)