"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Baş nazir Nikol Paşinyanın Moskvaya son səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyinin xarici siyasətini ölkənin iqtisadi maraqlarına tamamilə ziddir və bunu Rusiyada da görürlər: "Əslində Rusiya Paşinyan hökumətinin iqtisadi maraqlardan kənara çıxarmasını qəribə hesab etməlidir. Bir tərəfdən Avropa İttifaqı ilə yaxınlaşma barədə zahiri siyasi bəyanat verilir, digər yandan isə Avropa İttifaqının xarici ticarətdəki payı azalır, Rusiyanınkı artır. Bu, tamamilə fərqli istiqamətlərə yönəlik siyasətin nəticəsidir".
Köçəryan qeyd edib ki, Ermənistanın Qərbin siyasi birliklərinə qoşulmaq perspektivləri tamamilə qeyri-müəyyəndir. Buna baxmayaraq, hakimiyyət Avropa İttifaqına doğru geosiyasi dönüş edir. Onun fikrincə, avropalı siyasətçilər Ermənistanı Rusiyanı qıcıqlandıra biləcək bütün addımları atmağa təşviq edir: "Ermənistan da bu yolu tutub. Biz əsas geosiyasi oyunçuların münaqişələrinə qarışa bilmərik, bu halda mütləq fəlakət gələcək".
Keçmiş prezident rusiyalı oliqarx, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyanın gələn ay keçiriləcək parlament seçkilərində müxalifətin lideri olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O, Karapetyanın müxalifətin lideri olması fikri ilə razılaşmayıb: "Mən bu formulla razı deyiləm. "Müxalifət lideri" nə deməkdir? Bir neçə kifayət qədər böyük müxalifət formatı var ki, onların hər biri qələbəyə iddia edir. Müxalifət meydanını bir şəxsdə ümumiləşdirmək və təyin etmək, sadəcə, siyasi cəhətdən savadsızlıqdır. Sosioloji sorğular üzrə kiminsə irəlidə, kiminsə bir az geridə ola bilər. Amma bu, o demək deyil ki, "müxalifət lideri" anlayışı bütün müxalifəti birləşdirən şəxs deməkdir. Mən bununla razı deyiləm".
Elxan SALAHOV