30 ilə yaxın Ermənistan hərbçilərinin işğalı altında qalan ərazilərimizdə düşmən tərəfindən yaradılan səddin bir hissəsi də Alxanlı kəndi ərazisinə düşürdü. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əks-hücumu məhz bu torpaqlardan başladı və düşmənin uzun illər dilə-dişə sığdırmadıqları “Ohanyan xətti” bir neçə saata yarıldı. İndi həmin ərazidən Zəfər yolu uzanır - həm Qarabağa, həm də Şərqi Zəngəzura qədər. Yolun kənarında Azərbaycan Ordusunun yardığı keçmiş təmas xəttinin izləri görünür. Təmas xəttinin yarıldığı ərazidə bitən lalələr sanki burada canlarını fəda edən və qanları bahasına torpaqlarımızı azadlığa qovuşduran qəhrəmanlarımızın xatirəsinə boy atıb. (AZƏRTAC)