"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin dünənki iclasında bildirib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan Azərbaycanla iqtisadi əlaqələrin qurulmasına xüsusi önəm verir. Onun dünənki iclasda bu mövzuda əhatəli danışması, gözlənilən yeniliklər barədə geniş məlumat verməsi də bundan irəli gəlir.
Paşinyan bildirib ki, Azərbaycanla Ermənistan arasında davamlı sülhün ən güclü zəmanəti iqtisadi maraqların kəsişməsidir. Onun sözlərinə görə, sülh quruculuğu prosesinin uğurla tamamlanmasından sonra hər iki ölkənin iş adamları birbaşa əməkdaşlıq edə biləcəklər: "Bu, o deməkdir ki, hər iki ölkənin sahibkarları üçüncü ölkələrin vasitəçiliyinə ehtiyac duymadan bir-biri ilə müqavilələr imzalamaq, mal və xidmət mübadiləsi aparmaq imkanı əldə edəcəkdir. Ermənistan istehsalçıları öz məhsullarını Azərbaycan, Azərbaycan istehsalçıları isə Ermənistan bazarına birbaşa çıxara biləcəklər. Yəni, etibarlı sülh yaranandan sonra iki ölkənin iş adamları hökumətləri vasitəsilə, özləri birbaşa əməkdaşlıq edəcəklər".
Paşinyan çox da uzaq olmayan gələcəkdə Azərbaycan və Ermənistan kapitalının iştirakı ilə birgə müəssisələrin yaradılmasını və qarşılıqlı investisiya qoyuluşlarını da istisna etməyib. Onun sözlərinə görə, artıq hər iki ölkə bir-birinə məhsul tədarük edir. Yaxın gələcəkdə isə mübadilə olunan məhsulların həm çeşidi, həm də həcmi tələbata uyğun şəkildə artırıla bilər: "Yaxın perspektivdə Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması, tranzit yollarının açılması da var. Bu əlaqələr iqtisadi əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar yaradacaq. Xüsusilə nəqliyyat yollarının açılması iş adamlarımız üçün logistik xərcləri minimuma endirəcək və onların beynəlxalq rəqabət qabiliyyətini artıracaqdır".
Elxan SALAHOV