Bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində keçirilən paneldə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli deyib.
O qeyd edib ki, aparılmış monitorinqlər nəticəsində 575 abidənin vəziyyəti artıq qiymətləndirilib: “Abidələrin demək olar ki, hamısı müəyyən dərəcədə dağıntı və vandalizmə məruz qalıb, 68 abidə yer üzündən tamamilə silinib. Eyni zamanda, 114 abidə çox ağır dərəcədə dağıdılıb. Qalan abidələr isə müxtəlif həcm və miqyasda zərər görüb. Hazırda abidələrə dəyən zərərin hesablanması prosesi davam edir. İlkin rəqəmlərə görə, 434 abidəyə dəyən maddi ziyanın məbləği 700 milyon manatdan çoxdur”.
Fariz Hüseynli monitorinqlər zamanı əvvəlki siyahılarda olmayan, lakin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən 212 yeni obyektin də aşkar edildiyini diqqətə çatdırıb: “Ötən il bu obyektlərdən 44-ü artıq rəsmi siyahıya əlavə olunub və mühafizəsi təşkil edilib. Siyahıda olan 130-dan çox abidənin monitorinqi hələ ki, mümkün olmayıb. Bunun əsas səbəbi ərazilərin minalarla çirkləndirilməsi ilə bağlıdır”. (AZƏRTAC)