"Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin məşğulluğunu təmin etmək üçün Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində mal-qara, toxum, gübrə və digər kənd təsərrüfatı aktivləri (avadanlıqlar) də təqdim edilir. Buraya güzəştli kreditlər, suvarma sistemləri və su mənbələrindən istifadə imkanları da daxildir. Xüsusilə işğaldan azad olunmuş kənd və qəsəbə sakinlərinə torpaqlar güzəştli şərtlərlə icarəyə verilir. Hazırda həmin ərazilərdə torpaqlar xüsusi mülkiyyətə deyil, dövlət mülkiyyətində saxlanılaraq uzunmüddətli icarəyə verilir. Torpaqların ayrılması prosesi Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) vasitəsilə idarə olunur. Birillik əkinlər (məsələn, taxıl, tərəvəz) və yonca əkinləri üçün ilkin olaraq 2 il müddətinə, çoxillik əkmələr (bağçılıq, üzümçülük və s.) üçün 5 il müddətinə müqavilə bağlanılır. Müddətin sonunda torpaqdan təyinatı üzrə səmərəli istifadə edildiyi halda icarə müddəti uzadıla bilər. Bu proqramın əsas məqsədlərindən biri də Qarabağ və Şərqi Zəngəzur bölgəsində iqtisadi fəallığı artırmaq, həmin ərazilərə köçürülmüş əhalinin məşğulluğu təmin etmək və ərzaq təhlükəsizliyinə töhfə verməkdir.
Röya SALMANQIZI