10.03.2026, 17:56
AZ EN
10.03.2026, 16:37 202

Azad edilmiş ərazilərdə məhv edilmiş ekosistem yenidən bərpa olunur

QARABAĞ
  • Otuz ildən artıq düşmən tapdağı altında qalan Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən təbiəti də məhv edib. Prezident İlham Əliyevin güclü siyasəti və qüdrətli ordumuzun rəşadəti sayəsində azadlığına qovuşan ərazilərimizdə bitki örtüyünün və ekosistemin bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bu sahədə də genişmiqyaslı tədbirlər həyata keçirilir.

Hazırda müəyyən edilmiş əsas istiqamətlərdən biri meşə-bərpa işləri, kənd təsərrüfatı sahələrinin dirçəldilməsi və "yaşıl zona" konsepsiyasının tətbiqidir. İşğal dövründə məhv edilmiş meşə sahələrinin bərpası məqsədilə ilkin mərhələdə 1400 hektar sahədə meşəbərpa işlərinin aparılması planlaşdırılıb. “Bəsitçay” Dövlət Təbiət Qoruğu və digər mühafizə olunan ərazilərin fəaliyyətinin bərpası, nadir bitki növlərinin qorunması üçün xüsusi layihələr icra edilir. Kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarılması və yerli bitki genofondunun bərpası məqsədilə elmi-tədqiqat işləri aparılır. Minalardan təmizlənmiş ərazilərdə yaşıllaşdırma işləri həyata keçirilir. Eyni zamanda, müharibə nəticəsində çirklənmiş torpaqların təmizlənməsi və münbitliyinin artırılması sahəsində də tədbirlər görülür. Yeni salınan yaşıllıqların və əkin sahələrinin dayanıqlı olması üçün su ehtiyatlarından səmərəli istifadəni təmin edən müasir suvarma infrastrukturu qurulur. İşğal dövründə məhv olmuş ağacların yerinə yerli iqlimə uyğun ağaclar əkilir. Ərazilərin kənd təsərrüfatı potensialının dəyərləndirilməsi, torpaqların münbitliyinin artırılması və müasir aqrotexniki qaydalarla bitkiçiliyin inkişafı üçün tədbirlər planı həyata keçirilir. Regionda ekoloji vəziyyət qiymətləndirilir, su mənbələrinin və torpaqların çirklənmədən təmizlənməsi istiqamətində işlər görülür. Bu tədbirlər "Ağıllı kənd" və "Yaşıl enerji"  konsepsiyalarına uyğun olaraq davam etdirilir.

Röya SALMANQIZI

Oxşar xəbərlər