04.08.2025, 18:26
AZ EN
19.07.2025, 13:25 131

Qiyaslı kənd məscidinin bərpası mədəni irsimizə böyük diqqət və qayğının növbəti təzahürüdür

QARABAĞ
  • 2021-ci ildə Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olmuşdu. Bundan sonra Prezidentin tapşırığı əsasında 2022-2025-ci illərdə Heydər Əliyev Fondu tərəfindən Qiyaslı məscidi bərpa edilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında həyata keçirilən işlər Qarabağda tarixi və dini abidələrin bərpası layihəsi çərçivəsində reallaşıb. İyulun 18-də Prezident İlham Əliyevin iştirakı ilə Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı mədəni irsimizə böyük diqqət və qayğının növbəti təzahürüdür.

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib ki, Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən biri Qiyaslı məscidi idi.

Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılmışdı. Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş, tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub”, - deyə Elvin Aslanov vurğulayıb.

Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır. (AZƏRTAC)

Oxşar xəbərlər