Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, Naxçıvana hücum qərarının İranın mərkəzi komandanlığı, yoxsa daha aşağı səviyyəli heyət tərəfindən qəbul edildiyi sual olaraq qalır:
"Lakin İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilən bəzi sosial şəbəkə hesablarının məlumatlarına əsasən, qərarın məhz onların tərəfindən verildiyi ehtimal olunur. Şübhəsiz ki, bu hadisə təsadüf deyil. Hücumlar tək bir dronla yox, bir neçə pilotsuz uçuş aparatı ilə Naxçıvanda iki obyektə - beynəlxalq hava limanına və bir məktəbə qarşı təşkil olunub. Ona görə də, İranın Naxçıvana dron hücumunun məqsədli şəkildə həyata keçirildiyini söyləmək mümkündür. Eyni qaydada, mən Türkiyəyə raket hücumunun da təsadüf olduğuna inanmıram".
BMTM sədrinin sözlərinə görə, hazırda müşahidə edilən tendensiya ondan ibarətdir ki, müharibədə heç bir rol oynamayan ölkələr belə İrana qarşı tənqidi mövqe ifadə etməyə başlayırlar:
"Bir çoxları danışıqların uğurunu nəticənin nə qədər tez əldə olunması ilə ölçdüyü halda, iranlılar danışıqları uzadaraq qərar qəbulunu yubatmaları ilə fəxr edirlər. Burada mövzu yalnız nüvə anlaması deyil. Məsələn, təxminən 20 ildir ki, İran siyasi müttəfiqi olan Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə danışıqları uzadır. Halbuki bu layihə üç ölkənin (İran, Rusiya və Azərbaycan) hamısı üçün iqtisadi fayda gətirə bilər. Lakin Tehran bəzən özünün əldə edəcəyi faydanı deyil, Azərbaycanın bu layihədən qazana biləcəyi üstünlükləri nəzərə alaraq prosesi ləngidir. Eyni yanaşmanı Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci ildə qəbul edilmiş Konvensiyanın ratifikasiyası məsələsində də görmək mümkündür. İran hələ də sənədi ratifikasiya etməyib. Bu səbəbdən, təhlil apararkən bir anlıq İsrail və ya ABŞ amilini kənara qoymaq lazımdır".
F.Şəfiyev İranın qeyri-ordinar davranışlarının öz vətəndaşlarına münasibətdə aydın göründüyünü vurğulayıb:
"Bu ölkə nəhəng enerji ehtiyatlarına malik olsa da, əhalisi tez-tez su və elektrik çatışmazlığı ilə üzləşir. Belə olan halda, İran hakimiyyətinin müsəlman qonşularının maraqlarını nə dərəcədə nəzərə alacağına dair sualların yaranması məntiqlidir". (Report)