Bunu açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev deyib.
O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın prizmasından yanaşdıqda, Qarabağın işğalı, Azərbaycanla münaqişənin davam etdirilməsi ölkəsinin suverenliyi baxımından iki ciddi problemə səbəb olub:
“Birincisi, Azərbaycan kimi özündən böyük bir dövlətlə münaqişəni davam etdirməkdən ötrü Ermənistanın Rusiya, Fransa, İran və başqa dövlətlərdən dəstək almaq üçün öz suverenliyindən güzəştə getməsi qaçılmazdı. Belə ki, bu halda Ermənistan öz dəmiryollarını, digər kommunikasiya xətlərini əlverişsiz şərtlərlə həmin ölkələrin istifadəsinə verməklə tam müstəqil aktor kimi hərəkət edə bilməyəcəkdi. Biz bunu Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarkisyan dönəmində gördük. Koçaryan ölkəsinin borcları qarşılığında Ermənistanın strateji obyektlərini Rusiyaya verdi və İrəvan hələ də bunun əziyyətini çəkir”.
C.Vəliyev eyni zamanda, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı düşmən siyasəti həyata keçirdiyi dövrdə sərhədlərinin qorunmasını Rusiyaya etibar etməsinə də diqqət çəkib:
“Dünənə kimi Ermənistanın “Zvartnots” hava limanında Rusiya hərbçiləri fəaliyyət göstərirdi. İkinci məsələ odur ki, üçüncü tərəflər bu münaqişə çərçivəsində Ermənistanda türk düşmənliyini artıraraq öz maraqlarına uyğun siyasət yürüdürdülər. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddian varsa, qarşıdurmanı davam etdirirsənsə, suverenliyin həmişə təhdid altında olacağını bilməlisən. Nikol Paşinyanın bütün bunları anlaması müsbət haldır”.
Ekspertin sözlərinə görə, Ermənistan Baş nazirinin dünən xalqa müraciətində səsləndirdiyi fikirləri Azərbaycan ermənilərə 30 ildir deyir:
“Biz onlara dəfələrlə deyirdik ki, suveren dövlət deyilsiniz, işğal etdiyiniz Qarabağın qarşılığında öz suverenliyinizi itirmişiniz. İndi Paşinyanın bunu başa düşməsini sülh prosesində istiqamətində irəliləyiş kimi qiymətləndirmək olar. Nəticə etibarilə, hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları çox müsbət istiqamətdə gedir. Keçən il COP29-dan əvvəl tərəflər arasında yaranan müsbət ab-hava sayəsində təmaslar davam etdirilir. Tərəflər mövqelərini daha da yaxınlaşdırıblar. Biz bunu sonuncu dəfə Vaşinqton görüşündə gördük. Ermənistan artıq dərk edir ki, Azərbaycanla razılaşmadan heç bir gələcəyi yoxdur”.
O, nizamlanma prosesindəki müsbət gedişatın arxasında dayanan əsas faktorlara da toxunub:
“Ermənistan bir müddət Türkiyə ilə sərhədlərin açılacağına ümid bəsləsə də, bu baş vermədi. Daha sonra Azərbaycana qarşı Fransa və Hindistandan dəstək əldə edəcəyini düşündü, lakin Cozef Baydenin hakimiyyət müddətinin başa çatması ilə bu ümidlər də boşa çıxdı. Digər tərəfdən, İran-İsrail qarşıdurması nəticəsində Ermənistanın İrandakı müttəfiqləri xeyli zəiflədi. Beləliklə, hazırkı müsbət atmosfer üçün zəmin yarandı. Ancaq məlumdur ki, bu prosesin uğurla yekunlaşması üçün Azərbaycanın əsaslandırılmış şərtləri var. O şərtlərdən biri Naxçıvanla maneəsiz gediş-gəlişin təmin edilməsidir. Dorğudur, ikinci üçtərəfli bəyannamədə bu, öz əksini tapıb, amma müzakirələr hələ davam etdiriləcək. Bundan başqa, Ermənistan reallıqları düzgün qiymətləndirərək öz konstitusiyasını dəyişməli, orada Müstəqillik Bəyannaməsinə istinad çıxarılmalıdır”.
C.Vəliyev indiki mərhələdə Ermənistan cəmiyyətinin sülhə hazırlanmalı olduğunu da vurğulayıb:
“Sülh tərəfdarı olanların mövqeyi gücləndirilməli, revanşistlərin mövqeyi isə zəiflədilməlidir. Bunlarla yanaşı, ATƏT-in Minsk qrupunun ləğvi prosesi məntiqi sonluqla yekunlaşmalıdır. Lakin bu, sadəcə Ermənistandan asılı olan məsələ deyil - orada Azərbaycan və Ermənistandan başqa on bir dövlət var, onların mövqeyi də vacibdir. Bu səbəbdən, yüz faiz olmasa da, sülh sazişinin imzalanma ehtimalı əvvəlki dövrə nisbətən çox yüksəkdir”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün xalqa müraciət edərək Qarabağ məsələsindən bəzi qüvvələrin Ermənistanın inkişafına mane olmaq üçün istifadə etdiyini deyib. O, münaqişənin sonlandırılmasının iki ölkə arasında münasibətlərdə müəyyən inkişafa gətirib çıxardığını vurğulayıb. (Report)