Ansamblın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova ansamblın yaranma tarixindən bəhs edib. Vurğulanıb ki, Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, zəngin musiqi irsi, dərin mənəvi yaddaşı və əsrlərlə formalaşmış mədəniyyət dünyasıdır. Səslənən hər bir ifa isə həmin ruhun və yurda bağlılığın canlı ifadəsidir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycan mədəni irsinin qorunmasının milli kimliyin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu irs təkcə keçmişin yadigarı deyil, həm də bu günümüzü formalaşdıran və gələcəyə istiqamət verən mühüm mənəvi sütundur.
Milli Məclisin deputatı Hikmət Babaoğlu da tədbiri milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm platforma adlandırıb.
Rəsmi hissədən sonra səhnə ifaçıların ixtiyarına verilib. Konsert proqramında Qərbi Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndələrinin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, milli musiqimizin zəngin çalarları tamaşaçılara duyğusal anlar yaşadıb. (AZƏRTAC)