"Vətən səsi" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən keçirilən tender müsabiqəsi başa çatıb. Tenderin predmeti Laçın Hava Limanında “Giriş-çıxış və qeydiyyat” İAMAS çərçivəsində sərhəd nəzarəti və sənəd fərdiləşdirmə sistemlərinin quraşdırılması üçün avadanlıq, lisenziya və proqram-texniki təminatın satın alınması olub. Müsabiqənin qalibi “Digismart Tech” MMC olub. Həmin şirkətlə imzalanmış satınalma müqaviləsinə əsasən, analoji nəzarət sistemləri Xankəndi şəhərində də qurulacaq. Bunun üçün qalib şirkətə 1 milyon 844 min 622 manat köçürülüb.
Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanı rayonun Qorçu kəndində yaxınlığında inşa olunub. Tikintisi 4 ilə yaxın davam edən hava limanı Laçın şəhərindən 30, Şuşadan 70, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşir. Təməli 2021-ci ildə avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan aeroportunun rəsmi açılış mərasimi 2025-ci il mayın 28-də keçirilib.
Elxan SALAHOV