10.04.2026, 14:10
AZ EN
10.04.2026, 11:21 38

Ağdam sənaye şəhərinə çevrilir

QARABAĞ
  • Ağdam rayonu əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialına Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi konsepsiyasında diqqət mərkəzində saxlanılır. Bu, təkcə rayonun daxili potensialından səmərli istifadə və ya iqtisadi fəallıq nöqteyi-nəzərdən deyil, həm də işğaldan azad edilmiş digər ərazilərin də inkişafına təsir imkanları ilə izah olunur. Buraya “Ağdam Sənaye Parkı”nda müxtəlif sahələri əhatə edən istehsal və xidmət müəssisələrinin gələcək perspektivləri də daxildir.

2021-ci il mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və 2024-cü ilin sentyabrında ilk müəssislərin rəsmi açılışından sonra fəaliyyətə başlayan “Ağdam Sənaye Parkı” Ağdam şəhərində 190 hektar ərazini əhatə edir. Burada iqtisadiyyatın müxtəlif sahələri - qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası yaradılıb. Həmçinin tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalı təşkil edilir.

Sənaye Parkının rezidentləri arasında 5,5 hektar ərazidə “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb. Təkcə bu layihəyə 58 milyon manat investisiya yatırılıb. “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Brands” şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. Hazırda MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında vergi, gömrük və digər güzəştlərdən faydalanan müəssisədə hazırda  400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq, onların yaşayış təminatını qarşılamaq üçün “Ağdam Residence” yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırıb və əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə verib.

Yeri gəlmişkən, ötən ilin yekunlarına görə, “Tabaterra” MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda, qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olub. Tütün əkininin və emalının həyata keçirilməsi məqsədilə təsis edilmiş “Tabaterra Leaf” MMC 2021-ci ildə “Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi olub və infrastrukturun modernləşdirilməsi, yerli tütünün keyfiyyətinin artırılması məqsədilə 15 milyon manat məbləğində sərmayə yatırıb. Şirkət hazırda Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ərazisində tütün əkini və emalı ilə məşğul olur. MMC-nin tərkibində tütün qəbulu və emalı məntəqələri, istixanalar və illik istehsal gücü 3 min ton olan Tütün Emalı Zavodu mövcuddur. Müəssisə tərəfindən 2027-ci ildən başlayaraq Qubadlı rayonunda 500 hektar ərazidə tütün əkini və emalı ilə əlaqədar lazımi infrastrukturun qurulması üçün əlavə investisiya yatırılması nəzərdə tutulur.“Tabaterra” MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr iqtisadi fəallığın artırılmasına, sənayenin və kənd təsərrüfatının inkişafına, regionun ixrac potensialının artırılmasına, məşğulluğun təmin olunmasına töhfə verir. Bu layihələrin ümumi investisiya dəyəri 79 milyon manat təşkil edir.

Röya SALMANQIZI

Oxşar xəbərlər