Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz otuz il torpaqlarımızı işğalda saxlayan mənfur düşməni cəmi 44 gündə darmadağın etdi. Bu qələbədə payı olan oğullarımızdan biri də Kamranzadə Kamran İmran oğludur. O, əslən Laçın rayonunun Qorçu kəndindən olsa da, 03 iyun 1993-cü ildə Beyləqan rayonunun Aşıqlı kəndində anadan olmuşdur. 2001-ci ildə Laçın rayonunun İrcan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 2009-cu ildə 9 illik təhsilini başa vurmuşdur. 2012-ci ilin aprelində həqiqi hərbi xidmətə çağırılmış Kamran 2014-cü ilin noyabrında ordudan tərxis olunmuşdur. Dörd il müxtəlif işlərdə çalışan K.Kamranzadə 2019-cu ilin avqust ayında müddətdən artıq hərbi xidmətə başlayıb. 2020-ci ilin iyul ayında döyüş növbəsini yerinə yetirən zaman düşmən təxribatı nəticəsində yaralanıb və 15 gün tibb bölməsində müalicə alıb yenidən xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Ağdərə və Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib. Kamran ürək ağrısı ilə bildirdi ki, Əliyev Elməddin, İsmayılov Sakit, Hüseynov Eşqin onun gözləri önündə şəhid olublar. Abasov Bəxtiyar, Ağazadə Manaf, Qarayev Emral, Hüseynov Məqsəd, Hacıyev Elşən və başqaları ilə birlikdə döyüş yolunu davam etdiriblər. Daha sonra döyüş vaxtı ağır yaralandığı üçün onu helikopterlə Bakı şəhərində Travmatologiya İnstitutuna aparıblar. Uzun müddət müalicə aldıqdan sonra ordudan tərxis olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.
İsa Musayev