28.04.2026, 18:11
AZ EN
28.04.2026, 15:53 203

"Yurd həsrəti" romanının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Yazıçılar Birliyində (AYB) tədqiqatçı yazar Vaqif Rüstəmovun 75 illik yubileyi və yenicə çapdan çıxmış "Yurd həsrəti" romanının təqdimat mərasimi keçirilib.

Tədbirin aparıcısı, yazıçı Südabə Sərvi kitabı maraqla oxuduğunu və əsərdəki qəhrəmanların acı taleyinin oxucuya böyük təsir göstərdiyini söyləyib.

Tarixçi alim Nazim Tapdıqoğlu isə əsərin qəhrəmanı olan Səxavət İsmayılov haqqında geniş məlumat verib. O, deyib ki, Cəbrayıl rayonunda doğulan Səxavət gənc yaşlarından yurdunu sevən vətəndaş, xeyirxah insan, müəllim və  direktor olub. O, öz istəyi ilə İkinci Dünya müharibəsinə yollanıb. Cəbhə yoldaşları ilə birgə əsir düşən gənc müharibədən sonra İsveçrəyə aparılıb. Səxavət bəy geniş dünyagörüşlü, savadlı insan olduğu üçün oradan Türkiyəyə gəlməyi bacarıb. Sonra Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin məsləhəti ilə Türkiyədə yaşayıb və eyni taleyi bölüşən azərbaycanlıları bir araya gətirərək Türkiyə-Azərbaycan Dostluq və Mədəniyyət Mərkəzini yaradıb. Həmin mərkəz parçalanmış talelərin birləşdiyi, milli kimliyin qorunduğu, Vətən yaddaşının yaşadıldığı bir ocaq olub: “Əsər o qədər sadə dillə, aydın üslubda qələmə alınıb ki, oxuduqca sanki bir film seyr edirsən. Düz 28 il ayrılıqdan sonra təsadüf nəticəsində Səxavət bəy yenidən ailəsi ilə görüşə bilib. Onun oğlu Şamillə görüşü ilə bağlı səhnə də olduqca təsirli qələmə alınıb”.

“Anam sanki atamı yanında hiss edirdi, onun paltarlarını yuyur, əşyalarını əzizləyirdi. Yoxluğunu heç qəbul etmirdi” – bunu isə əsərin əsas qəhrəmanı Səxavət bəyin oğlu Şamil İsmayılov söyləyib. O, tədbirdəki çıxışında duyğusal xatirəsini də danışıb: “Atam 28 ildən sonra geri qayıtdı. Görüşəndən sonra anam dedi ki, çox yorulmusan, ayaqlarını yuyum. Onun ayağını yudu, həmin sudan içəndə hamı ağladı.”

Sonradan məlum olub ki, Məleykə xanım əhd edibmiş ki, həyat yoldaşı sağ-salamat qayıdıb gəlsə onun ayaqlarını yuyub suyunu içəcək...

Çıxış edənlər əsərin vətənə, yurda sədaqət nümunəsi aşıladığını xüsusi olaraq vurğulayıblar. Qeyd edilib ki, Səxavət bəyin Elmira və Şamil adlı iki övladı olub.

Tədbirdə Elmira xanımın oğlu, hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışan Fuad Hüseynov da iştirak edib. O, babasının həyatından bəhs edən “Yurd həsrəti” romanı həm ədəbi, həm də tarixi baxımdan gənc nəsil üçün örnək əsər kimi dəyərləndirib: “Belə bir dəyərli əsəri meydana gətirdiyi üçün Vaqif müəllimə təşəkkürümü bildirir və onun yubileyini ürəkdən təbrik edirəm”.

Tədbirdə iştirak edən digər çıxışçılar müəllifi təbrik edib, ona xoş arzularını çatdırıblar. Vaqif Rüstəmov öz növbəsində onun yaradıcılığına yüksək qiymət verənlərə minnətdarlıq edib.

Xatırladaq ki, tədbirdə Vaqif Rüstəmova Yazıçılar Birliyinin diplomu təqdim olunub. Diplomu ona AYB-nin katibi, tərcüməçi şair Səlim Babullaoğlu təqdim edib.

Mina RƏŞİD       

Oxşar xəbərlər