28.04.2026, 18:11
AZ EN
28.04.2026, 16:10 168

Azad olunmuş ərazilərdə su təchizatı diqqət mərkəzindədir

QARABAĞ
  • İşğaldan azad olunmuş ərazilərdə su təchizatının təmin edilməsi və genişmiqyaslı bərpa işləri sürətlə aparılır, burada əsasən yeni su anbarlarının tikintisi, çay sularından istifadə və yeraltı su mənbələrinin tapılması nəzərdə tutulur. Regionda su təsərrüfatının rəqəmsallaşdırılması məqsədilə interaktiv su xəritəsi yaradılmış və avtomat hidroloji stansiyalar quraşdırılıb. Su ehtiyatlarının idarə edilməsi üçün yeni su anbarlarının tikintisi planlaşdırılır.

“Vətən səsi” xəbər verir ki, indiyədək Böyük Alagöl, Zalxagöl, Qaragöl sututarlarda, ərazidən axan çaylarda suyun həcminin qiymətləndirilməsi üçün müasir cihazlarla ölçmə işləri aparılıb. Təhlillər nəticəsində yeraltı suları və digər su mənbələri istifadəyə yararlı hesab olunub. Hazırda “Qız qalası” su anbarından yeni kanalların çəkilməsi layihələndirilir. Bu fəaliyyətlər xüsusilə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün kommunal xidmətlərin, o cümlədən dayanıqlı su təchizatının təmin olunmasına yönəlib. Görülən işlər həm içməli su təminatını, həm də kənd təsərrüfatı üçün vacib olan suvarma ehtiyaclarını əhatə edir. Xatırladaq ki, Azərbaycanın daxili su ehtiyatlarının təxminən 20-25 faizi Qarabağ və Şərqi Zəngəzurda formalaşır. "Suqovuşan", "Xaçınçay", "Zabuxçay" və "Köndələnçay" (3 anbar) su anbarları artıq bərpa edilərək istifadəyə verilib. Yenidən qurulan Həkəriçay və Bərgüşadçay anbarları regionda 350 milyon kubmetr su ehtiyatı yaradacaq. Həmçinin hər iki anbarın ətrafında yerləşən yaşayış məntəqələrində su infrastrukturu tamamilə yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının, suvarma kanallarının və digər su infrastrukturu obyektlərinin əsas hissəsinin bərpasının bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bundan başqa, Füzuli şəhərinə 10,7 kilometr uzunluğunda magistral su kəməri çəkilir. Şəhərdaxili su, kanalizasiya və yağış suları şəbəkələri "Ağıllı Su" sistemi əsasında qurulur və bütün proseslər məsafədən idarə ediləcək. Ağdam şəhəri, Qərvənd, Eyvazxanbəyli kimi kəndlərdə də müasir tipli su və kanalizasiya sistemləri inşa edilir. Çətin relyefə malik olan Laçın və Kəlbəcərdə isə əsasən yeraltı su mənbələri və bulaqlardan istifadə olunmaqla analoji infrastrukturlar qurulub. Azad edilmiş ərazilər "yaşıl enerji" zonası elan edildiyi üçün su təchizatı infrastrukturunda da ekoloji təmiz yanaşmalar tətbiq olunur.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur zonasında çaylarda su səviyyəsini və keyfiyyətini izləmək üçün avtomat hidroloji və aqrometeoroloji stansiyalar quraşdırılıb. İnteraktiv xəritə vasitəsilə çayların mənbəyindən tutmuş su təsərrüfatı obyektlərinə qədər bütün məlumatları özündə birləşdirir.

Röya SALMANQIZI

 

Oxşar xəbərlər