Bu fikirləri müsahibəsində Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə Yüksək Səviyyəli Ekspert Qrupunun doqquzuncu iclasında iştirak edən Türkmənistan Mədəniyyət Nazirliyi Turizm Departamentinin sədr müavini Gülşat Bakiyeva ifadə edib.
O deyib: “Bizi çox qonaqpərvər Azərbaycan xalqı qarşıladı. Təbii ki, burada hər şey yüksək səviyyədə təşkil olunub. Qeyd etmək istərdim ki, turizm və qonaqpərvərlik baxımından azərbaycanlılardan öyrənəcəyimiz çox şey var. Bəli, türkmənlər də qonaqpərvər xalqdır və qədim zamanlardan bəri onların bu keyfiyyəti qeyd olunur. Amma hər bir xalqın özünəməxsus cazibəsi var və biz bunu həmişə xatırlamaq istəyirik. Özümü şanslı hesab edirəm ki, buraya gəlmişəm və Tanrı mənə bu gözəlliyi görmək imkanı verib”.
Gülşat Bakiyeva Şuşada keçirilən görüşün öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib. “Şuşa şəhərini və bütün Azərbaycan xalqını İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi münasibətilə təbrik edirəm. Bu, çox yüksək tituldur”, - deyə Departament müdirinin müavini sözlərini yekunlaşdırıb. (AZƏRTAC)