"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Sputnik Armenia"ya yaydığı məlumatda deylilir ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi parlament seçkilərində səslərin pulla alınması faktı üzrə əməliyyat keçirib. Həmin əməliyyat nəticəsində Avanesyan da daxil olmaqla 4 nəfər nəzarətə götürülüb. İstintaqın məlumatına görə, partiya tərəfdarları 2026-cı il iyunun 7-nə təyin edilmiş Ermənistan Milli Məclisinə seçkilərdə onların lehinə səs vermələri müqabilində bir qrup seçiciyə işə düzəltmə və digər vədlərlə rüşvət təklif ediblər. Sözügedən şəxslər barəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Qeyd olunur ki, saxlanılan Artur Avanesyan son vaxtlar Samvel Karapetyanın komandasına qoşulmuşdu. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rüşvət vədinin seçicilər tərəfindən qəbul edildiyini və cinayət təqibinin davam etdiyini bildirib.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə deyib ki, xaricdə yaşayan Ermənistan vətəndaşları rüşvət alıb seçkilərdə iştirak üçün gələcəkləri təqdirdə İrəvan beynəlxalq hava limanında saxlanılacaqlar: "Seçki rüşvətinin alınması cinayətdir və müvafiq xidmətlərimiz təkcə Ermənistanda deyil, həm də Ermənistandan kənarda vəziyyəti izləyir".
Ruben Rubinyan bütün ermənilərin katolikosu II Qaregini də ən yaxın adamları ilə birlikdə bu cür cinayətkar dəstələrlə eyni komandada olmasına görə sərt tənqid edib. Parlament sədrini müavini II Qareginin qardaşını KQB agenti" adlandırmaqdan da çəkinməyib: "Bütün ermənilərin katolikosu II Qareginin qardaşı olan arxiyepiskop Yezras KQB agentidir. Onun şəbəkəsi vasitəsilə rüşvət alan əziz həmvətənlər, bilməlisiniz ki, Yezras xüsusi xidmət orqanlarımızın xüsusi diqqət mərkəzindədir. Siz də bu məqsədlə rüşvət və ya pul alsanız, Ermənistana gələn kimi həbs olunacaqsınız".
Xatırladaq ki, Ermənistan mətbuatı Rusiyada yaşayan 100 mindən çox Ermənistan vətəndaşının rüşvət müqabilində müxalifətə səs vermək üçün ölkəyə göndərilə biləcəyi barədə məlumat yayılıb. Bildirilir ki, seçicilərin rüşvətlə ələ alındasında əsas hədəf rusiyalı oliqarx, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyana dəstəyin təmin edilməsidir.
Elxan SALAHOV