28.04.2026, 13:38
AZ EN
28.04.2026, 11:40 49

Erməni vandalizmi: mədəni irsimizin məhv edilməsi və tariximizin izlərinə hücum

XƏBƏRLƏR
  • İşğal dövründə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüzkar əməllərin qurbanları təkcə ölkə vətəndaşları deyil, həm də yaşı min illərə söykənən tarixi-mədəni abidələrimizdir. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrimizə qarşı törədilən erməni vandalizmi nəticəsində dəymiş zərərlərin müəyyənləşdirilməsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Bu fikirləri açıqlamasında AMEA–nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev söyləyib. O bildirib ki, təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədib. Halbuki vandalizm aktları birmənalı şəkildə beynəlxalq qanunlar və konvensiyalarda yolverilməz hesab edilir. 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasəti həyata keçirərək, tarixi və mədəni irsimizi məqsədyönlü şəkildə və xüsusi qəddarlıqla məhv etmişdir. Bu əməllər isə ümumilikdə bəşəriyyətə qarşı mənəvi soyqırımıdır.

E.Mustafayev qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Qarabağda dağıdılan muzeylər, məscidlər, abidələr təkcə Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür. Həmçinin işğal dövründə Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilib, xristian-alban abidələri isə erməniləşdirilib. Bu abidələrin yazıları dəyişdirilməklə ermənilərə məxsusluğu bəradə müxtəlif dillərdə dezinformasiyalar yayılıb və beynəlxalq ictimaiyyətə çatdırılıb. Bundan əlavə, Qarabağda mövcud olmuş məscidlər tamamilə dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə, Şuşa şəhərindəki Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Erməni işğalçıları daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara və bütövlükdə müsəlman dünyasına qarşı öz nifrətlərini nümayiş etdiriblər.

İşğal olunmuş Xocalı, Kəlbəcər, Laçın, Xocavənd və digər rayonlarda yerləşən və erməni kilsəsinə heç bir aiddiyəti olmayan tarixi Alban kilsələrinin mülkiyyəti mənimsənilib, arxitektura xüsusiyyətləri dəyişdirilərək erməni kilsə abidələri kimi təqdim edilib. Kəlbəcər rayonu ərazisində yerləşən orta əsrlərə aid Gəncəsar və Xudavəng Alban xristian kilsələri xüsusilə qeyd edilməlidir. 2003-cü ildən etibarən Azıx mağarısanda və Ağdam ətrafında qeyri-qanuni arxeoloji qazıntılar aparılıb.

“Əlimizdə olan bu cür faktlar bir daha sübut edir ki, düşmənlərimiz işğal dövründə tarixi abidələrimizi məhv etməklə Qarabağda Azərbaycan tarixini silməyə cəhd ediblər. Altmışdan çox məscidin tamamilə məhv edilməsi, maddi-mədəni irsimizə aid abidələrin tarixi mahiyyətinin dəyişdirilməsi, muzeylərdə qorunan eksponatların qarəti xalqımıza qarşı yönəlmiş böyük cinayətin tərkib hissəsini təşkil edib. Hesab edirəm ki, işğal dövründə tarixi abidələrimizə qarşı törədilmiş cinayətlər sistemli və ardıcıl şəkildə araşdırılmalı, dəymiş zərərlər müəyyənləşdirilməli və təsbit edilmiş sübutlar xarici dillərə tərcümə edilərək beynəlxalq ictimaiyyətə çatdırılmalıdır”, - deyə E.Mustafayev bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər