08.04.2026, 03:47
AZ EN
08.04.2026, 00:10 120

Mühüd Orucov kimi qəhrəmanlar sayəsində əldə olunan qələbələr dövlətimizin gücünü daha da möhkəmləndirdi

XƏBƏRLƏR
  • Aprelin 7-də İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsinin təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində Aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mühüd Orucovun xatirəsinə həsr olunmuş "Cəsarətin adı - Mühüd Orucov" mövzusunda tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Milli Məclisin deputatları, döyüş yoldaşları, dostları iştirak ediblər.

Ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan Ordusunun gücünü nümayiş etdirən mühüm hərbi əməliyyatlar kimi tarixə düşdüyünü və həmin dördgünlük müharibə nəticəsində bir sıra strateji yüksəkliklər və ərazilərin işğaldan azad olunduğunu bildiriblər. Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan əsgərinin, hərbçisinin yüksək döyüş qabiliyyətini və Vətənə sədaqətini bir daha sübut etdi. Eyni zamanda, bu qələbə sonrakı hərbi uğurların, xüsusilə də böyük Zəfərin təməlini təşkil etdi.

Mühüd Orucovun Azərbaycanın hərb tarixində sözünü demiş qəhrəmanlardan biri olduğunu qeyd edən natiqlər onun şərəfli həyat və döyüş yolunun gənc nəsil üçün örnək olmaqla yanaşı, milli qürur mənbəyimiz olduğunu deyiblər. Bildirilib ki, Mühüd kimi oğulların qanı, canı hesabına əldə olunan qələbələr və uğurlar dövlətimizin gücünü və xalqımızın birliyini daha da möhkəmləndirdi. Hər birimiz şəhidlərimizin bizə əmanət etdiyi Vətənə sahib çıxmalı və onlardan miras qalan müqəddəs dəyərləri daim uca tutmalıyıq.

Şəhidin ailə üzvləri adından çıxış edən atası Qurban Orucov Mühüdlə bağlı xatirələrini bölüşüb, onun uşaqlıqdan qorxmaz və cəsarətli biri olduğunu deyib: "O həmişə qələbəyə inanırdı. Bu gün Mühüdün arzuları çin oldu. Onun şəhadətə qovuşduğu Aprel döyüşləri Zəfər yolunu açdı, ordumuzda öz gücünə inam yaratdı. Mühüd kimi oğulların xatirəsinə göstərilən ehtirama görə dərin minnətdarlığımı bildirirəm".

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, tədbir çərçivəsində şəhidin həyatının müxtəlif dönəmlərini əks etdirən, o cümlədən şəxsi əşya və medallarının yer aldığı sərgi də açılıb. (AZERTAC)

Oxşar xəbərlər