Tədbirin məqsədi Azərbaycanda mina təhlükəsinə diqqətin artırılması, eləcə də gənclər arasında mina təhlükəsi ilə bağlı məlumatlandırma işinin gücləndirilməsidir.
Tədbirdə çıxış edən Gənclər Fondu icraçı direktorunun müavini Ceyhun Hüseynov qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycanda yeni mərhələ başlayıb:
"Azad olunan torpaqlarımız gündən-günə inkişaf edir. Bu gün mintəmizləyənlərin səyləri ilə ərazilərimiz minalardan təmizlənir. Xüsusilə qeyd etmək istərdim ki, gənclərin azad olunmuş ərazilərin inkişafında böyük rolu var".
ANAMA-nın Aparat rəhbəri Rauf Hüseynov deyib ki, mina illər boyu insanların həyatını, arzularını və gələcək planlarını girov saxlayan "görünməz müharibə"nin qalıqlarıdır: "Son 30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub".
Aparat rəhbəri azad olunmuş ərazilərdə mina prosesləri ilə bağlı rəqəmlərə diqqət çəkərək qeyd edib ki, Vətən müharibəsindən (noyabr 2020) bu günədək baş vermiş 259 mina partlayışı nəticəsində 421 nəfər zərər çəkib: "Onlardan 72 nəfəri həyatını itirib. 349 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb".
R.Hüseynov həmçinin bildirib ki, ANAMA və prosesə cəlb olunmuş digər tərəfdaş qurumlar tərəfindən 10 noyabr 2020-ci il tarixindən bu günədək 262 026 hektar minalardan ərazi təmizlənib, 246 585 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Milli Məclisin deputatı Qaya Məmmədov çıxışında deyib ki, gənclər minatəmizləmə prosesinə xüsusi diqqət yetirməlidirlər:
"Əsasən də mühəndislik ixtisasında təhsil alanlar bu prosesə daha çox diqqət göstərməlidirlər. Daha az maliyyə ilə minatəmizlənməni nəzərdə tutan innovativ layihələr hazırlamaq mümkündür. Çünki ərazilərin minalardan təmizlənməsi olduqca böyük maliyyə tələb edən prosesdir".
"Böyük Qayıdış" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxışı zamanı diqqəti mina təhlükəsinə yönəldib:
"Partlamamış hərbi sursatlar və mina təhlükəsizliyi ilə bağlı proseslərə gənclər də cəlb olunub. Əhalinin maarifləndirilməsi üçün gənclərin bilik və bacarıqlarının artırılmasına, Qarabağın gələcək inkişafı üçün gənclərin fəallığına dəstəyi artırmağa çalışırıq".
Forumun ikinci hissəsində panel müzakirə təşkil olunub. Müzakirədə ANAMA-nın Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımov, Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, ANAMA yanında İctimai Şuranın üzvü Roza Səfixanlı və ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin əməkdaşı, minadan zərərçəkmiş şəxs Həsənəli Əliyev iştirak ediblər.
Spikerlər müzakirədə postmünaqişə dövründə təhlükəsiz mühitin formalaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər, mina təhlükəsinin yaratdığı fəsadlar, gənclərin və könüllülərin mina təhlükəsinə qarşı mübarizədə əsas hərəkətverici qüvvə olması, maarifləndirmə layihələri barədə fikir mübadiləsi aparıblar. (Report)