07.04.2026, 17:49
AZ EN
07.04.2026, 15:19 86

Azad olunmuş ərazilərdə ilk böyük xəstəxana Ağdamda tikilir

QARABAĞ
  • Qırx dörd günlük Vətən müharibəsindən sonra azadlığına qovuşan Qarabağ və Şərqi Zəngəzurda təmir-bərpa, quruculuq işləri sürətlə davam edir. Qarabağın giriş qapısı sayılan Ağdamda da tikinti quruculuq  işləri, sosial infrastrukturları, o cümlədən tibb ocaqlarının tikintisi plana uyğun şəkildə aparılır.

2022-ci ilin fevralında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ağdam Rayon Mərkəzi Xəstəxanası 6,1 hektar ərazidə inşa olunur. Tikinti-quraşdırma, hörgü-beton, dəmir-konstruksiya işləri demək olar ki, 80 faiz  yekun mərhələsindədir. Tibb ocağı 12 korpusdan ibarətdir, 210 çarpayılıq müəssisə stasionar və ambulator olmaqla  iki xidmət sahəsi üzrə faliyyət göstərəcək.

Stasionar sahədə qəbul, kardiologiya, travmatologiya, cərahiyyə, ürək-damar cərahiyyəsi, oftalmologiya, doğum, pedratiya, lor, ginikologiya, yolxucu xəstəliklər, anesteziologiya, reanimasiya və intensiv terapiya, hemodializ şöbələri yer alacaq. Ambulator hissəyə isə konstruktiv poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya, tibbi bərpa, klinik diaqnostika  laboratoriya və aptek şöbələri fəaliyyət göstərəcək.

Ağdam Mərkəzi Xəstəxanasında 12 korpusla yanaşı yardımcı binalarda inşa olunur. Təcili təxirəsalınmaz  tibbi yardım xidməti və ayrıca  yolxucu xəstəliklər üçün də ayrıca  korpus inşa olunacaq. Bura həm də regional kardio-cərrahi mərkəz kimi də fəaliyyət göstərəcək. Belə ki, regional kardio-cərrahi mərkəz də bu tibb ocağında yerləşəcək.

Tikinti-bərpa planına uyğun olaraq, xəstəxana müasir tibb avadanlıqları ilə təchiz olunacaq. Burada maqnit-rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası və angioqrafiya avadanlıqları da pasiyentlərə xidmət edəcək.

Xatırladaq ki, işğaldan azad edilmiş Ağdamda modul tipli xəstəxana fəaliyyət göstərir. Hazırda tibb müəssisəsində müalicə olunanlar arasında doğma yurduna qayıtmış Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin də sakinləri var.

Ötən ilin sonlarında Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam şəhərində olmuşdu. İlk istifadəyə verilən 2-ci yaşayış kompleksinin sakinlərinin mənzillərinin açarlarını məhz özü təqdim etmişdi. Hazırda bərpa-quruculuq işlərinin geniş vüsət aldığı rayonda doğma yurduna köçürüləcək keçmiş məcburi köçkünlər üçün müasir tipli yaşayış kompleksərinin də tinkintisi sürətlə davam edir.  Dördüncü, beşinci yaşayış komplekslərində tikinti işləri aparılır. Üçüncü yaşayış kompleksində isə yaxın vaxtlarda tikinti işlərininə başlanılacağı gözlənilir.

Beləliklə, işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətin təşkili məqsədilə ilk böyük xəstəxana kompleksi Ağdamda tikilir. Plana əsasən, xəstəxana kompleksində tikinti işlərinin 2027-ci ilin sonunadək yekunlaşdırılması, növbəti ildə isə tam fəaliyyətə başlaması nəzərdə tutulur.

Röya SALMANQIZI

Oxşar xəbərlər