Xocavəndin küçələrində əks-səda verən uşaq gülüşləri və sakinlərin çöhrəsindəki qürur dolu təbəssüm illərlə qəlbdə yaşadılan böyük intizarın bitdiyindən xəbər verir. Qayıdan sakinlər üçün bu tarixi an sadəcə bir köç deyil, həm də çətin qaçqınlıq həyatının arxada qalması, milli mənliyin və doğma ocağın yenidən bərpası deməkdir.
Doğma yurda qovuşanlar arasında ömrünün bir əsrdən çoxunu yaşamış, uşaqlıq və gənclik xatirələri bu torpaqlara bağlı olan ağsaqqal və ağbirçəklərlə yanaşı, ata-baba yurdunu ilk dəfə görən gənc nəsil də var. Onların hər birinin hekayəsi fərqli olsa da, keçirdikləri sevinc və minnətdarlıq hisləri ortaqdır.
“Milli Qəhrəman Çingiz Mustafayevə verdiyim sözü tutdum”
Sakinlərdən Münasib Rüstəmov uşaqlıq illərinin ağrılı xatirələrinin bu gün böyük sevincə çevrildiyini bildirib. O, 1992-ci ildə Xocavənd rayonunun Əmiralılar kəndindən məcburi köçkün düşəndə hələ azyaşlı olduğunu deyir: “Həmin vaxt atam əsir düşmüşdü, o günlər yaddaşımdan heç vaxt silinmir. Milli Qəhrəman Çingiz Mustafayev bizim kəndə gələndə məndən böyüyəndə kim olacağımı soruşmuşdu. Demişdim ki, əsgər olub düşməndən qisas alacağam. Bu gün çox xoşbəxtəm ki, arzularım gerçəkləşib. Övladlarımla, nəvələrimlə birlikdə qalib xalqın nümayəndəsi kimi Xocavəndə qayıtmışam. Bu, əvəzolunmaz hissdir”.
Münasib Rüstəmovun bu duyğulu xatirələri təkcə bir ailənin deyil, bütöv bir nəslin yaşadığı sarsıntıların və qazanılan böyük Zəfərin təcəssümüdür. Onun uşaq ikən verdiyi sözün bu gün azad olunmuş Xocavənddə gerçəkliyə çevrilməsi, həm də tarixi ədalətin bərpasının əyani sübutudur. Müxbirimizlə söhbəti zamanı o, doğma yurdunun hər qarışını yenidən görməyin həyəcanını gizlədə bilmir, bu torpaqların əsl sahiblərinə qovuşmasının verdiyi qürurla gələcəyə ümidlə baxır. İndi Münasib Rüstəmov üçün ən böyük xoşbəxtlik vaxtilə məcburi köçkün kimi tərk etdiyi yurduna öz nəvələri ilə birlikdə əbədi sakin kimi qayıtmasıdır.
“Şəhidlərimizə bir ömür boyu borcluyuq”
Doğma yurda qayıdan hər bir sakinin taleyi bir qəhrəmanlıq dastanı ilə kəsişir və bu tarixi qayıdışın arxasında dayanan böyük fədakarlıqlar heç bir zaman unudulmur. Qələbənin gətirdiyi qüruru və torpaqlarımızın azadlığı üçün canından keçənlərə olan minnətdarlıq hissini xocavəndlilər hər addımda xüsusi ehtiramla ifadə edirlər.Bu müqəddəs dönüşün mənəvi dəyərindən söz açan Ziyafət Abbasova bugünkü sevinci xalqımızın yenilməz iradəsinin təntənəsi kimi qiymətləndirib. O, bu günün şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb: “Bu gün bizi bu zirvəyə torpaq uğrunda canından keçən şəhidlərimiz çatdırıb. Biz onlara bir ömür boyu borcluyuq. Prezident İlham Əliyevin rəhbərliyi və güclü ordumuzun şücaəti sayəsində müqəddəs torpaqlarımıza qovuşduq. Xocavənddən çıxanda kiçik bir ailə idik, indi isə nəvə-nəticələrimizlə, hətta 101 yaşlı nənəmlə geri qayıtmışıq”.
101 yaşlı sakinin böyük sevinci: "Özümü yenidən doğulmuş kimi hiss edirəm"
Köç karvanının ən yaşlı sakini, 101 yaşlı İrastə Mustafayeva bu günü görməyin ömrünün ən böyük arzusu olduğunu deyib: “Yaşasın Prezidentimiz, yaşasın Azərbaycan! Ordumuz öz qüdrətini dünyaya nümayiş etdirdi. Mən də Birinci Qarabağ müharibəsinin ağır günlərini yaşamışam, amma bilirdim ki, bir gün qalib tərəf kimi qayıdacağıq. 2 oğlum, 6 qızım, 60-dan çox nəvə, nəticə və kötücəm var. Onlarla birlikdə doğma yurduma gəldiyim üçün özümü yenidən dünyaya gəlmiş kimi hiss edirəm”.
İrastə nənənin bu sözləri Xocavəndin küçələrində hər kəsi duyğulandırdı. Bir əsrlik ömür yolunda həm acı itkiləri, həm də möhtəşəm Zəfəri görən ağbirçəyin öz böyük ailəsi ilə doğma ocağına qovuşması “Böyük Qayıdış”ın ən təsirli mənzərələrindən biridir. Söhbət zamanı o, bu torpaqların hər qarışının müqəddəsliyindən söz açaraq, gələcək nəsillərə azad Qarabağda dinc və firavan həyat arzulayıb.
Xocavəndə qayıdan sakinlər üçün bu gün sadəcə bir köç günü deyil, həm də yarımçıq qalmış arzuların və xatirələrin yenidən canlandığı tarixi andır. Otuz illik fasilədən sonra doğma ocaqlarda yenidən tüstülənən bacalar, bərpa edilən həyat ritmi regionun parlaq gələcəyindən xəbər verir. Qayıdan hər bir sakin özü ilə bərabər bura quruculuq əzmi və yeni ümidlər gətirir. Bu qayıdış həm də Azərbaycanın sarsılmaz birliyinin və işğaldan azad edilmiş torpaqlarımızın əbədi dirçəlişinin növbəti təntənəsidir. (AZƏRTAC)