04.04.2026, 21:19
AZ EN
04.04.2026, 15:18 133

Azərbaycan həqiqətlərini dünyaya çatdıran səs - Aureliya Qriqoriu

XƏBƏRLƏR
  • Dünyada elə insanlar var ki, nə haqqın, nə ədalətin, nə də insanlıq dəyərlərinin qarşısında susmağı qəbul etmirlər. Onlar həqiqəti müdafiə etməyi özlərinə borc bilirlər - harada, kimə qarşı yönəldiyindən asılı olmayaraq. Məhz belə insanlar sırasında Azərbaycanın dostu, Moldovanın Ombudsmanı Aureliya Qriqoriu xüsusi yer tutur. Onun 64 illik ömür yolu yalnız peşəkar fəaliyyətlə deyil, həm də qorxmadan söylədiyi cəsarətli həqiqətlərlə yadda qalıb.

4 iyul 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda təşkil etdiyi beynəlxalq konfransda A.Qriqoriu tarixə düşən çıxış edib. O, Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal etməsini açıq şəkildə “aqressiya” adlandırıb, ölkənin 20 faizinin işğal altında saxlanmasının beynəlxalq hüquqa zidd olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Aureliya Qriqoriu, həmçinin, Xocalıda azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırımı Ermənistanın insanlıq əleyhinə cinayəti kimi dünyaya bəyan edib və bu cinayətlərin beynəlxalq məhkəməyə çıxarılmalı olduğunu qətiyyətlə vurğulayıb. O, bu fikirlərini “Avropa Şurasına üzv ölkələrdə hüquq aliliyi və fikir sərhədlərinin Avropa standartları” mövzusunda keçirilən toplantıda, Ermənistan Parlamentinin qarşısında səsləndirməklə böyük cəsarət nümayiş etdirib.

Haqqın yanında dayanmağın nümunəsi Aureliya Qriqoriunun bu mövqeyi təkcə Azərbaycan xalqının deyil, beynəlxalq ictimaiyyətin də yaddaşında qaldı. Onun dedikləri, əslində, illərlə susdurulmağa çalışılan, lakin həqiqət olan bir səs idi – ədalətin səsi.

Bu günlərdə 64 yaşı qeyd edilən Aureliya Qriqoriu Azərbaycanda hörmət və minnətdarlıqla anılır. Çünki o, təkcə bir səslə deyil, bir vicdanla çıxış edirdi. Həqiqəti söyləməyin çətin olduğu bir zamanda bunu etməsi isə onun adını haqq uğrunda mübarizə aparan insanlar sırasında xüsusi yerə çıxarıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər