05.04.2026, 00:18
AZ EN
04.04.2026, 17:00 94

Qubadlının daş yaddaşı - abidələrin dilə gələn sirləri

YAZILAR
  • Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qubadlıda əsirlərdən boylanan daş abidələr təkcə tarixin yaddaşını deyil, həm də bir ruh, bir nəfəs daşıyır. Bu abidələrə toxunanda insan sanki zamanın sərt əlini yox, min illik xatirələrin sərinliyini hiss edir.

Müsahibimiz AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadədir.

-Ramin müəllim, ilk olaraq, Qubadlının Məmər kəndində yerləşən XV əsrə aid “Daş sandıq” abidəsi barədə danışmağınızı istərdik. Bu abidə nə ilə fərqlənir?

–Qubadlı rayonunun Məmər kəndində yerləşən Daş sandıq abidəsi Azərbaycanın orta əsr dini-memarlıq irsinin nadir nümunələrindən biridir. Bu tip abidələr əsasən üzərində dini simvollar, damğa işarələri, ayinlə bağlı təsvirlər daşıyan daş qutu formalı qəbirüstü konstruk­siyalardır.

Bu abidəni xüsusilə dəyərli edən cəhət ondadır ki, o yalnız qəbirüstü memarlıq nümunəsi deyil, həm də dövrün dini inancları, qəbiristanlıq mədəniyyəti və ustaların daşişləmə bacarığı barədə zəngin məlumat verir.

Daşın üzərində işlənmiş ornamentlər göstərir ki, XV əsrdə bölgədə həm türk-islam təsiri, həm də yerli ənənəvi inanclar paralel mövcud olub.

–Mahmudlu kəndindəki qədim daş və qoç fiqurları (XVI əsr) haqqında nə deyə bilərsiniz?

–Mahmudlu kəndi qoç və qoçbaşlı qəbirüstü heykəlləri ilə məşhurdur. Bu fiqurlar XVI əsrdə Qubadlı və ümumən Qarabağ bölgəsində formalaşmış türkdilli tayfaların mərdlik, igidlik, qəhrəmanlıq rəmzi kimi geniş istifadə etdiyi memarlıq elementlərindəndir.

Bu fiqurlar əsasən igid, nüfuzlu, cəmiyyət üçün əhəmiyyətli şəxslərin məzarları üzərində qoyulurdu. Qoyulan qoç heykəli həmin şəxsin: döyüşdə göstərdiyi şücaəti, ailə və tayfa içindəki mövqeyini, qəhrəmanlıq obrazını təmsil edirdi.

Fiqurların üzərindəki ornament, damğa, naxışlar isə həm tayfanın kimliyini, həm də mərhumun sosial statusunu əks etdirirdi. Mahmudludakı heykəllərin bir çoxunda ov səhnələri, stilizə olunmuş heyvan təsvirləri və hətta dini simvollar da var.

–Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən “Oğlan-Qız” abidəsi həmişə maraq doğurub. Bu abidənin tarixdən gələn hekayəsi nədir?

–“Oğlan-Qız” abidəsi həm tarixi, həm də mifoloji xüsusiyyətləri ilə seçilən çox özünəməxsus bir nümunədir. Abidənin yaranması haqqında xalq arasında müxtəlif rəvayətlər dolaşır. Ən məşhurlarından biri belədir:

Xalq arasında deyilənə görə, bir-birinə vurulmuş gənc bir oğlan və qız ailələri tərəfindən birləşməyə qoyulmur. Gənclər öz sevgilərinə sadiq qalaraq qaçmağa qərar verirlər. Lakin onların qarşısına çıxan maneələr və dram nəticəsində cütlük həyatını itirir. Xalq inanclarına görə, daş heykəllər həmin iki gəncin əbədi olaraq bir yerdə qalmasını simvolizə etmək üçün yaradılıb.

Tarixi baxımdan isə bu abidə erkən orta əsrlərdən gələn antropomorf daş fiqurların sonrakı dövrlərdə yerli mədəniyyətə uyğunlaşdırılmış formasıdır. Oğlan və qız fiqurlarının yanaşı yerləşdirilməsi ailə, məhəbbət, sədaqət ideyasını ifadə edir.

–Bu abidələrin Qubadlının tarixində rolu nədir?

–Bu üç abidə – "Daş sandıq", "Qoç fiqurları" və “Oğlan-Qız” kompleksi – Qubadlının qədim mədəniyyətinin müxtəlif mərhələlərini birləşdirir. Onlar bölgənin orta əsr dini həyatını, yerli türk tayfalarının etnoqrafik xüsusiyyətlərini, xalq yaddaşını formalaşdıran mifoloji düşüncə tərzini özündə cəmləyən çox mühüm irs nümunələridir.

Bu xatirə daşları olan sanduqələr Azərbaycanda, eləcə də Qarabağda, Zəngəzurda, Naxçıvanda və bir çox yerlərdə aşkar olunub. Amma o daş sənduqələrin ən zəngin nümunələri Zəngəzur bölgəsindədir. Zəngəzur sanki daş sənduqələrin səma altı muzeyidir. Yəni, belə bir zəngin coğrafiyadır.

Bu abidələr həm də Qubadlının tarixən məskun, inkişaf etmiş, zəngin mədəni ənənələri olan bir diyar olduğunu göstərir.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər