XX əsrin 90-cı illərinin əvvəllərində milli müstəqilliyini bərpa etmiş Azərbaycanın mülki aviasiyasında, onun inkişafında yaranmış boşluq ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb.
Ulu Öndərin imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar aviasiya tarixində yeni mərhələ açıb, onun yeni sürətli inkişaf dövrü başlanıb. Mülki aviasiyaya böyük investisiyalar qoyulub və bunun nəticəsində müasir tələblərə cavab verən yeni təyyarələr, texniki avadanlıq alınaraq respublikaya gətirilib.
Avropa ilə Asiya arasında hava nəqliyyatında mühüm məntəqələrdən olan Bakıda müasir beynəlxalq aerovağzal kompleksi də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və fövqəladə səyləri nəticəsində 1999-cu ildə öz qapılarını dünyaya açıb. Bir il sonra isə Bakı hava limanına ilk “Boeing” təyyarəsi enib. 2004-cü ildə bu hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adı ilə aviasiya tariximizə düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ən yaxşı aeroport elan edilib, aeroport sənayesi üçün ən nüfuzlu hesab olunan “Skytrax World Airport” mükafatlarına layiq görülüb. “Skytrax” konsaltinq şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu ən yüksək “5 ulduz”la təltif edib. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur. Aeroport inqilabi müasirləşdirilmə nəticəsində postsovet məkanında və Şərqi Avropa ölkələrində bir nömrəli aeroport hesab olunur.
Peşəkar milli kadrlara olan tələbat nəzərə alınaraq, 1992-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyası yaradılıb, yerli kadrların yetişməsində onun əvəzsiz rolu var.
Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycanda mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini həyata keçirən və tənzimləyən mərkəzi icra orqanıdır. O, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, həmçinin mülki hava gəmilərinin təhlükəsiz uçuşu, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edir. Agentlik öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni, mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir, beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq qurur, onların işində iştirak edir, həmçinin xarici ölkələrin aviasiya administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Bundan başqa, Dövlət Mülki Aviasiya Agentliyi mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini, aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir. Agentlik hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir, həmçinin xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir, Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir, aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır, mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir və mülki aviasiya sahəsi üzrə qanunvericilik aktlarının layihələrinə dair rəy verir.
Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, “Azərbaycan Hava Yolları” QSC (AZAL) mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
Hazırladı: Mina RƏŞİD