Tədbiri giriş sözü ilə açan UNEC rektoru, professor Ədalət Muradov çıxışında qeyd edib ki, “Qərbi Azərbaycana qayıdış konsepsiyası” xalqımızın yaddaşında dərin iz buraxmış tarixi əsaslara söykənir. Onun sözlərinə görə, bu yanaşma yalnız keçmişə nəzər salmaqla kifayətlənmir, eyni zamanda gələcəyə istiqamətlənmiş strateji baxışın formalaşdırılmasını nəzərdə tutur. Rektor vurğulayıb ki, burada sadəcə bir ideyadan deyil, tarixi ədalətin bərpasına yönəlmiş konseptual yanaşmadan söhbət gedir.
Ədalət Muradov bildirib ki, Qərbi Azərbaycana qayıdış anlayışı yalnız coğrafi məkana dönüş kimi qəbul olunmamalıdır. Bu, eyni zamanda Qərbi azərbaycanlıların öz doğma yurd-yuvasına, milli kimliyinə, mədəniyyətinə və mənəvi dəyərlərinə qayıdışı deməkdir. O, mövzuya emosional yanaşmadan daha çox faktlara və hüquqi əsaslara söykənən mövqenin vacibliyini də xüsusi qeyd edib. Rektorun fikrincə, Qərbi Azərbaycandan olan soydaşlarımızın mədəni irsi, adət-ənənələri, toponimləri və tarixi yaddaşı ümummilli sərvət kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir.
Eyni zamanda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncam və təsdiq edilən konsepsiya bu istiqamətin dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bir daha təsdiqləyir.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə diqqəti Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyinə yönəldib. O qeyd edib ki, bu irs yalnız müəyyən bir regiona deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının ortaq mədəni dəyəridir.
Əziz Ələkbərli çıxışında vurğulayıb ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, tarixi abidə və yaşayış məntəqəsi dağıdılıb, bir çox yer adları dəyişdirilərək bu irsin izlərinin silinməsinə cəhd göstərilib. Onun sözlərinə görə, bu, təkcə maddi-mədəni irsə qarşı deyil, həm də xalqın tarixi yaddaşına və milli kimliyinə qarşı yönəlmiş siyasətdir. Bu baxımdan, həmin irsin qorunması və bərpası bütün Azərbaycan xalqının mənəvi borcu kimi qiymətləndirilməlidir.
Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib. İştirakçılar tərəfindən Qərbi Azərbaycana qayıdışın perspektivləri, milli kimliyin möhkəmləndirilməsi, tarixi yaddaşın qorunması, eləcə də mədəni irsin bərpası istiqamətində müxtəlif təkliflər səsləndirilib. Bu müzakirələr, ümumilikdə, konsepsiyanın gələcəkdə həyata keçirilməsi üçün mühüm fikir və yanaşmaların formalaşmasına töhfə verib.
Tahirə AĞAMİRZƏ